Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/
I Avropa Oyunlarının açılış mərasimi böyük təəssürat yaratdı. Trend-in məlumatına əsasən, bunu Fransa senatının üzvü Natali Qule bu gün Bakıda Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşündən sonra deyib.
N.Qule bildirib ki, regionda strateji əməkdaş kimi Azərbaycana həmişə ehtiyac var: "Həmişə Azərbaycan və Fransa arasındakı münasibətlərin inkişafında iştirak etmişəm. Burada Azərbaycan-İsrail əlaqələrinin nümunə olduğu mədəniyyətlərarası, dinlərarası gözəl əlaqələr görürəm".
Fransalı senator qeyd edib ki, Azərbaycan xarici mətbuat orqanlarının ciddi tənqidinə müqavimət göstərməlidir.
Ə.Amaşov öz növbəsində, I Avropa Oyunlarının və açılış mərasiminin keçirilməsi münasibətilə hamını təbrik edib: "Açılış mərasimi möhtəşəm keçdi. Bu tarixi hadisədir. Azərbaycan yenidən hamını sülh və dostluğa çağırdı, müharibə və terrorizmə qarşı çıxış etdi. Əminik ki, bütün dünya Azərbaycanın bu çağırışını eşitdi".