...

"Euronews" kimə və nəyə xidmət edir?

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 15:18 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Ötən gün nəhayət ki, hamının çoxdan gözlədiyi an, dostlarımızın sevindiyi, düşmənlərimizin isə narahatlıq keçirdiyi Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutdu. Açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi, öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı.

Azərbaycan sözün əsl mənasında dünya idman tarixinə öz izini qoydu və Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Avropa Oyunlarının qitə yarışması olmasına baxmayaraq, Azərbaycan dünya miqyaslı bir mərasim nümayiş etdirdi. Xüsusilə də Azərbaycan mədəniyəti, tarixi və incəsənətinin müasirliklə sintezi açılış mərasiminin unikallığını nümayiş etdirdi.

Eyni zamanda, ilk Avropa Oyunlarının açılış mərasiminin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi.

Bundan sonrakı Avropa Oyunlarının təşkilatçıları çətin ki, bu cür nümunə ortaya qoya bilsinlər. Yəqin ki, hələ çox illər, hər dəfə Avropa Oyunları digər ölkələrdə keçirildikdcə, Azərbaycandakı açılış mərasimi nümunə göstəriləcək.

Açılış mərasimində çoxlu sayda dövlət və hökumət başçısınının, nüfuzlu və tanınmış şəxslərin iştirakı isə bu mühüm idman yarışmasına olan yüksək beynəlxalq diqqət və marağı təzahür etdirdi.

Azərbaycan öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Çox qısa müddət ərzində hətta uzun müddətə təşkil edilməsi olduqca çətin olan, dünyaya səs salacaq bir açılış mərasimini yüksək səviyyədə nümayiş etdirdi. Bu, Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə nümayiş etdirdi.

Artıq müxtəlif siyasətçilər, idmançılar, Azərbaycanda olan çoxsaylı əcnəbilər, turistlər açılış mərasiminin təşkilini yüksək qiymətləndirib və ən yüksək standartlara cavab verdiyini söyləyiblər.

Bu, eyni zamanda Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsi, mədəniyyətimizin, tariximizin, adət-ənənələrimizin və incəsənətimizin dünyaya çox uğurlu bir təqdimatı və tanıdılması idi.

Avropa Oyunlarının xarici mətbuat və sosial şəbəkələrdə müzakirəsi göstərdi ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Sosial şəbəkələrdə xarici auditoriya, idman ictimaiyyəti l Avropa Oyunları haqqında yüksək fikirlər və rəylərlə bölüşdülər. "Twitter" də Bakı 2015 haştaqı dünya trendində top onluğa düşdü.

Açılış mərasimi ötən dövr ərzində müəyyən mərkəzlərdən idarə olunan, Azərbaycanın uğurlarından, inkişafından qısqanclıq hissi keçirən qüvvələrin antiazərbaycan kampaniyasının tam iflasa uğradığını göstərdi.

Bəzi media qurumlarının, o cümlədən Britaniya mediasının açılış mərasiminə münasibəti isə təsdiq etdi ki, bu gün onların qarşısına qoyulmuş əsas vəzifə nəyin bahasına olursa-olsun I Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salsın.

Əsas missiyası Avropa ilə bağlı yenilikləri işıqlandımaq olan "Euronews" televiziya kanalı isə bu açılış mərasimi haqqında heç bir reportaj yayımlamadı. Bu oyunlar Asiya və ya Afrika oyunları olsaydı, hardasa "Euronews"a haqq qazandırmaq olardı, amma məhz Avropanın Oyunlarını işıqlandırmamaq, diqqətdən kənarda qoymaq hərəkətini heç nə ilə əsaslandırmaq olmaz. Əgər həmin məqamda Azərbaycanda hansısa bir mənfi hal olsaydı, yəqin ki, "Euronews" bütün diqqətini ölkəyə yönəldib çox canfəşanlıqla onu dünyaya yayardı. Görünür, kanal Azərbaycanın bu uğurunu, bacarığını gizlətməyə çalışıb. Təbii ki, bu da "Euronews"un antiazərbaycan qüvvələrin nəzarətində olduğunu, müəyyən mərkəzdən idarə olunduğunu aydın şəkildə göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti