...

Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 18:03 (UTC +04:00)
Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığmasının 10 üzvü qızıl medal uğrunda mübarizəni davam etdirir.
Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığmasının 10 üzvü qızıl medal uğrunda mübarizəni davam etdirir.

Trend xəbər verir ki, Kristal Zalda keçirilən boks yarışlarında çıxış edən yığma komandamızın üzvlərindən 11-i yarımfinala vəsiqə qazanıb.

Belə ki, bu gün yüngül (57-60 kq) çəki dərəcəsində çıxış edən qadın boksçumuz Yana Alekseyevna və orta çəkidəki (75 kq) kişi təmsilçimiz Xaybula Musalov 1/4 final döyüşlərində qalib gələrək yarımfinala çıxıblar.

Dünən çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova (51-54kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq) və Abdulkadır Abdullayev (+91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına yüksəliblər.

Bundan öncə isə daha 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb.

Lakin superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidov zədə aldığı üçün turniri vaxtından əvvəl başa vurub. Belə ki, Azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.

Yarımfinalçılarımızdan 2-si bu gün axşam saatlarında rinqdə qızıl medal uğrunda son döyüşə çıxmaq hüququ əldə etməyə çalışacaqlar.

Yarımfinal döyüşünə əvvəlcə yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.

Avropa Oyunlarında yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədov isə finala vəsiqə qazanmaq üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti