...

Cüdo yığmamızın ümidi paralimpiyaçılara qaldı

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanı 63 kq-dək çəki dərəcəsində təmsil edən qadın təmsilçimiz Xanım Hüseynova da mübarizəni dayandırıb.

Trend-in məlumatına görə, o, 1/8 final mərhələsində Fransadan olan dünya çempionu Klaris Aqbeqneno ilə qarşılaşıb. Fransız cüdoçu görüş başlar-başlamaz azərbaycanlı rəqibinə göz açmağa imkan verməyib və qarşılaşmanın 2-ci dəqiqəsində ağrıdıcı fənd tətbiq edərək vaxtından əvvəl ipponla qalib gəlib.

Xatırladaq ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-ci artıq mübarizəni dayandırıb. İndi ümid yalnız digər 3 paralimpiyaçı cüdoçumuza, gözdən əlil idmançılarımıza qalıb.

Qeyd edək ki, gözdən əlil cüdoçuların yarışında ölkəmizi iki kişi, bir qadın idmançı təmsil edir. 57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulacaq Səbinə Abdullayevanın rəqibi İspaniya təmsilçisi Mariya Monik Merensiano Herrero olacaq.

Gözdən əlil kişilərin 90 kq-dan artıq çəkidəki yarışında ölkəmizin şərəfini adlı-sanlı idmançı, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev, eləcə də Zakir Mislimov qoruyacaq. Z.Mislimov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşəcək. İ.Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti