...

Qızımın gül kimi adını ləkələməyə heç kimin haqqı yoxdur - xalq artisti Aygün Kazımova (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2011 18:15 (UTC +04:00)
Azərbaycanın xalq artisti Aygün Kazımova söz verdiyi kimi mətbuat nümayəndələrinin qarşısına çıxaraq, jurnalistlər qarşısında qızı İlqarə İbrahimovanın yayılmış videogörüntüsü barədə ətraflı danışdı.
Qızımın gül kimi adını ləkələməyə heç kimin haqqı yoxdur - xalq artisti Aygün Kazımova (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti Aygün Kazımova söz verdiyi kimi mətbuat nümayəndələrinin qarşısına çıxaraq, qızı İlqarə İbrahimovanın yayılmış videogörüntüsü barədə ətraflı danışdı. Trend BİA-nın mətbuat mərkəzində baş tutan mətbuat konfransında təkbaşına sualları cavablandıran xalq artisti, ilk növbədə, hadisə ilə bağlı nə səbəbdən 30 mart 2011-ci il tarixində gecə saatlarında xalqa ilk açıqlama verdiyini şərh etrdi.

"Müxtəlif internet bazalarında bu videogörüntüyə sürətlə istifadəçi baxışının olması məni artıq bir aya yaxın idi ki, narahat edirdi. Amma videolar konkret "Youtube"da, "Facebook" sosial şəbəkəsində, eləcə də bəzi saytlarda yerləşdiriləndə isə mən buna dözə bilməzdim. Gecə saatlarında Trend Xəbərlər Şirkətinə gəlib, xalqa ilk müraciətimi ünvanlamazdan əvvəl videogörütünü mobil telefona çəkən Orxan Nəsirovun yaşadığı, Bakının Türkan kəndinə getmişdim. Bunu danmıram. Orxanın yaxınları elə bilirdi ki, indi Aygün Kazımova olduğum üçün mühafizəçilər, cangüdənlərlə birgə kəndlərinə gəlirəm. Amma onların fikirləşdiyi kimi olmadı.

Mən söhbətimizdə vasitəçi olan insanlarla əvvəlcə Şüvəlan qəsəbəsində getdim. Oradan isə şəxsi avtomobilimlə yox, onlara məxsus maşında uzun məsafə qət edib Türkana gəldim.

Ağsaqqallar və Orxanın atası Hacı Daşqınla söhbətim zamanı bir istəyim oldu. Qoy oğlu başda olmaqla, digər iki nəfər - görüntüdə olan Nicat Novruz-zadə, həmçinin İlqarə ilə paralel sinifdə oxuyan Eyyub adlı oğlan kamera qarşısında həm qızımdan, qızımın timsalında isə bütün analardan, bacılardan üzr istəsinlər. Razılığa gəlməyimiz uzanırdı. Hətta mən onlara təklif etdim ki, əgər uşaqlar narahat olarsa, vicdan əzabı çəkərlərsə, deyəcəyi sözləri özüm lentə almağa hazıram. İnanın, ətrafımdakı insanlar kamera çəkməyin detallarını belə öyrətmişdilər. Lakin nəticəsiz qaldı tələb etdiklərim. Sonra mobil telefon vasitəsilə söhbətimizi davam etdirirdik. Axı, hansı ana istəyər ki, qızına qarşı bu cür kobud qarayaxma olsun. Mən onlara yazdığım hər mesajımda, etdiyim hər zəngimdə "sizinlə danışan İlqarənin anasıdır" deyirdim. Digər iki uşağın valideynləri - xüsusilə də Nicatın atası Şahin Novruzovla da danışığımız oldu. İlk əvvəl məni valideyn kimi sakitləşdirməyə çalışan ata deyirdi ki, axı burada nə var ki, şişirdib böyüdürəm.

Onun dilindən baş verənlərə belə bir reaksiya olacağını təsəvvürümə belə gətirmirdim. Nədənsə başa düşmək istəmirdilər ki, qızımın gül kimi adını ləkələməyə kimsənin haqqı yoxdur.

Görüntülərdə daha çox səsi gələn Eyyubun valideynlərinin kimliyi ilə maraqlanmasam da, onun da üzr istəməyini reallaşdırmağa çalışacağam. Bu gün bu sözləri ona görə deyirəm ki, əgər onlar vaxtında üzr istəyib, baş verənləri ajiotaj səviyyəsinə gətirib çıxarmasaydılar, bəlkə də hər şey baş cür olacaqdı. Təşəkkür edirəm şəxsən hörmətli daxili işlər naziri Ramil Usubov cənablarına. O, ailəmizin üzləşdiyi bu problemə diqqətsiz yanaşmadı. Elə "Youtube"dan videoların çıxarılması da onun verdiyi göstəriş əsasında araşdırıldı və linklər saytdan çıxarıldı. Hacı Daşqın Türkanlının ondan 150 min manat pul tələb etməyimi deməsinə gəldikdə isə, qoy həm özü, həm də digər insanlar bilsinlər ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) öz istəyimlə ərizə yazanda mən məhkəmə zamanı maddi təzminat tələb edəcəyimi göstərmişdim. Və əgər onlar üzr istəməsələr, bütün gücümü səfərbər edəcəyəm ki, haqq öz yerini tapsın. Və onlar hər ay məhkəmənin çıxaracağı hökmə əsasən, gətirib öz əlləri ilə cərimələrini ödəyəcəklər. Axı, hansı kişilikdən, mənlikdən, qürurdan söhbət gedə bilər ki, 20 yaşlı günahsız qız həyatının ən gözəl anında depressiyanın qurbanı olsun? Bu sualı ünvanlayıram onlara. Dünya malında gözümün olmadığı çoxlarına məlumdur. Qoy üzr istəsinlər və məsələni böyütməkdə davam etməsinlər. Əgər şərtlərim reallaşsa, mən məhkəməyə müraciət etməkdən də imtina etməyə hazıram", - Aygün Kazımova dedi.

Danışdıqca sanki od püskürən vulkanı xatırladan xalq artisti, Orxan Nəsirovun günün sonuna kimi televiziya vasitəsilə üzr istəyəcəyini dilə gətidi. "Orxan hazırda səhhəti ilə bağlı Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanalardan birində müalicə alır. Hadisə baş verəndən bəri o, Türkiyə nömrəsi ilə zəng vuraraq baş verənlərdən narahatçılığını bölüşdü. Yaşadığım ilk gündən indiyə kimi yanımda olub hadisəni doğru şəkildə tamaşaçılara çatdıran ANS televiziyasının Türkiyə bürosunun əməkdaşları bu gün Orxanla müsahibə almağa çalışacaqlar. Orxan deyir ki, o, dostları ilə birgə illər öncə buraxdıqları səhvi düzəltməyə çalışacaq. Bu arada deyim ki, mən sonuncu dəfə ANS TV-nin"Günəbaxan" verilişinin 5 aprel tarixindəki canlı yayımında qarşı tərəflə üz-üzə gələcəyəm. İstəmirəm ki, hansısa qohum-əqrəbalarla danışım. Qoy uşaqların özləri gəlsinlər və üzr istəsinlər", - Kazımova əlavə etdi.

Mətbuatda qızı İlqarə İbrahimovanın səhhətində ciddi problemlər olması barədə yazılanları da şərh edən pop-diva, bunları qismən təsdiq etdi.

"Videonun sürətlə yayıldığı ərəfədə özüm İlqarəni bir neçə günlük Moskvaya, əzizlərimin yanına göndərmişdim. Özünü yanımda günahkar hiss etsə də, günün bu günündə də başa salıram ki, qızım, sən uşaq olmusan. Və illər boyu kimlərə dost dediyinin fərqinə varmamısan. Axı, İlqarə kimi qızlar, elə lap böyük yaşda olan insanlar bu cür alçaqlıqlardan sığortalanmayıblar. Mən ona görə vuruşuram ki, başqa valideynlərin də gözləri açıq olsun.

Sizcə, bu söhbətdən sonra hansı valideyn istəyər ki, övladı təhsil ardınca xarici ölkəyə getsin?

Axı, kim zəmanət verə bilər ki, Orxanlar, Nicatlar, Eyyublar İlqarəyə yaşatdıqları stressi, əzabı başqa qızların başına gətirməyəcəklər? Bunu ictimai qınağa çevirən insanlar haqqında isə mənfi fikir səsləndirmək istəmirəm. Ad çəkmək istəmirəm, başda sənət dostlarım olmaqla, tanıyıb-tanımamağımdan asılı olmayaraq, hər gün mobil telefonumla sevənlərimdən onlarla zəng qəbul edir, yüzlərlə mesajlar alıram. Dəstək olduqlarını deyirlər pərəstikarlarım. İlqarəni öz balası, məni də öz yerində təsəvvür edən anaların sayı həddindən artıq çox olduğu üçün ad çəkməkdə çətinlik çəkirəm. Aygün 22 ildir səhnədədir və xalq artisti fəxri adını alana qədər çox keşməkeşli sənət yolunda addımlayıb. Zirvəyə gələn yolda isə müəllimlərimin, pərəstişkar ordumun sevgisini, dualarını yaxından hiss etmişəm. Bu gün də o sevginin davam etdiyini görürəm. Aygünün qızı İlqarə İbrahimova həm də məni özünə doğma bilənlərin övladıdır. Və inanın ki, baş verən bu qarışıq olay xoşluqla bitməsə, fanatlarım bu videonu çəkəni, iştirakçılarını, eləcə də yayanları öz əlləri ilə parçalayarlar. Mən isə bunu istəmirəm. Qoy özlərində güc tapıb üzr istəsinlər", - Aygün Kazımova dedi.

Xəbər lenti

Xəbər lenti