...

Tələsin! "Azəri Top Model"in seçim turlarının bitməsinə az qaldı

Mədəniyyət Materials 20 May 2011 15:49 (UTC +04:00)
İyun ayında televiziya məkanında çox fərqli "Azəri Top Model" adlı moda tele-şousu öz nümayişinə başlayacaq. Layihənin ideya müəllifi və aparıcısı olacaq Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevin Trend-ə verdiyi məlumata görə, müraciət edən xanım iştirakçıların sayı yetərincə olsa da, təşkilat komitəsi seçim turlarını hələ də davam etdirir.
Tələsin! "Azəri Top Model"in seçim turlarının bitməsinə az qaldı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Ş.Cavadsoy/

İyun ayında televiziya məkanında çox fərqli "Azəri Top Model" adlı moda tele-şousu öz nümayişinə başlayacaq. Layihənin ideya müəllifi və aparıcısı olacaq Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevin Trend-ə verdiyi məlumata görə, müraciət edən xanım iştirakçıların sayı yetərincə olsa da, təşkilat komitəsi seçim turlarını hələ də davam etdirir.

"Azəri Top Model" müsabiqəsi Lider TV-nin efirində keçiriləcək. Müsabiqədə iştirak etmək arzusunda olan gözəl xanımlar artıq müraciət edə bilərlər. Layihə 3 ay boyunca davam edəcək. Canlı efirdə baş tutacaq moda dəfilələri, fotosessiyalar və rəngarəng müsabiqələr tamaşaçıların fərqli bir moda tele-şousunu izləmələrinə şərait yaradacaq. Hazırlıqlar son mərhələdədir. Sənəd qəbulu bir həftə davam edəcək. Seçim turları iki mərhələdən ibarət olacaq. İştirakçılar moda sahəsinin çox tanınmış simaları tərəfindən seçiləcək. "Azəri Top Model"in qalibini isə tamaşaçıların göndərəcəyi SMS-lər müəyyənləşdirəcək. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın milli mentalitetinin qorunması müsabiqənin əsas məğzini təşkil edəcək. Yəni mübarizə aparacaq xanımlar çimərlik geyimləri və açıq-saçıq geyimlərdə podiuma çıxmayacaqlar", - Firdovsi Atakişiyev dedi.

Münsiflər heyətinin tərkibi haqqında hələlik məlumat vermək istəməyən ideya müəllifi hansı bədən ölçülü xanımların müraciət edə biləcəkləri barədə bunları dedi. "Boyu 165 sm-dən aşağı olmayan, 18-26 yaş arasında olan yaraşıqlı xanımlar sənədlərini təqdim edə bilərlər.

Milli ruhlu, adət-ənənələrimizi özündə əks etdirəcək müsabiqədə gözəl xanımların yarışmasına çalışacağıq. "Azəri Top Model"i digər dövlətlərdə keçirilən bu tip müsabiqələrdən fərqləndirəcək əsas fərq o olacaq ki, bizim xanımlarımız çox gözəldir. Əgər Nigar Camalın timsalında Avropanın ən mötəbər musiqi yarışmasında birincilik qazandıqsa, nəyə görə başqa gözəl xanımlarımız top model olaraq Paris, Milan, Nyu-York kimi böyük şəhərlərdə keçirilən dünya səviyyəli moda müsabiqələrində çıxış etməsinlər? Məlum olduğu kimi, Rusiya və Ukraynanın gözəl xanımlarının əksəriyyətinin adları hazırda dünyanın ən yaxşı modelləri kimi çəkilməkdədir. İnanırıq ki, Azərbaycanda da elə xanımlar var ki, onların dünya podiumlarına çıxmalarına tam haqları var. Bu məqsədlə belə bir müsabiqəni ərsəyə gətirməkdə qərarlıyıq. İdeya mənim olsa da, layihə boyunca mənəvi dayağım Azərbaycanın peşəkar modelyeri, öz adını brendə çevirməyə müvəffəq olmuş əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova olacaq", - Atakişiyev əlavə etdi.

"Azəri Top Model" müsabiqəsinin seçim turuna qatılmaq arzusunda olan xanımlar 050 326 28 29 və 050 799 10 45 saylı telefon nömrələrinə zəng vurmaqla, daha ətraflı informasiya əldə edə bilərlər.

Qeyd edək ki, layihənin informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

Xəbər lenti

Xəbər lenti