Türkiyə, Trabzon, 1 iyun /Trend, müxbir Ş.Cavadsoy/
Türkiyəyə ilk səfərim tanınmış müğənni İbrahim Tatlısesə edilmiş sui-qəsdin təfərrüatlarını aydınlaşdırmaqla bağlı olsa da, ikinci dəfə Azərbaycanın Respublika Gününə həsr olunmuş konsertdə iştirak etmək üçün uzun bir yola çıxmışdıq. Tanınmış türkiyəli prodüser Kemal Cenk İçtenin təşəbbüsü ilə yaradılmış Azərbaycan Musiqiçilərin İctimai Birliyi Trabzon şəhərində fəaliyyət göstərən Gürsoylar Yardımlaşma və Dayanışma Dərnəyinin təşkil etdiyi birlik toplantısında iştirakla bağlı yerli sənətçilər arasında təbliğatı çoxdan aparsada da, sonda cəmi 16 nəfərlik heyətlə sözügedən şəhərin Arsin bələdiyyəsinin tabeçiliyində yerləşən Yeşilyalı rayonuna yola düşdük. Heyətə rəhbərlik və rəsmi hissədən sonra başlanan konsertin aparıcılığı mənə həvalə edilsə də, musiqiçilərdən ibarət olan qrupumuzun toplanmasında əsas məsuliyyət İctimai Birliyin təşkilat komitəsinin rəhbəri Azər Nəsibov və tele-aparıcı Ceyran Nərimanın üzərinə düşmüşdü.
28 may tarixinə təsadüf edəcək konsert üçün iki gün öncədən yola çıxdıq. Səfərimiz avtobusla olduğundan mayın 26-da "Mahmut Turizm" şirkəti Bakıdan İstanbula gedən reyslərdən birində heyətimizə yer ayırdı. Min kilometrdən çox olan məsafəni qət etmək hamımızın gözündə ağır yük kimi dayansa da, şən və mehriban kolletiv kimi formalaşmağımız bütün yorğunluqları bizə unutdurdu.
Əsasən gənc sənətçilərdən formalaşan heyətimizin üzvləri bunlar idi. ATV-də yayımlanan "Xalq Ulduzu 5" yarışmasından tanınan Teymur Qədirov, "Yeni Ulduz 5" mahnı müsabiqəsinin favorit finalçılarından biri Rəşidə Kərimova, "Nar Star"ın yetişdirməsi olan Seymur İsmayılov, gənc müğənni Məleykə Muradova, meyxanaçı Azad Kərimli, müğənni Məsumə Əliyeva, "Pop Star" yarışmasının iştirakçısı Kamil Qədimzadə; musiqiçilər - tanınmış tarzən Elşən Salmanov, nağara və zərb alətlərinin mahir ifaçısı İsrafil Cəfərov və gənc olmasına baxmayaraq, kamançaya özünəməxsus improzivələr gətirən Elnur Salehoğlu.
Səfərboyu təşkilatçılıq bacarığı ilə seçilən menecer Kəmalə Muradova müğənni bacısı Məleykə ilə birlikdə gəlsə də, həm yolda, həm də tədbirdə öz köməyini kollektiv üzvlərindən əsirgəmədi. Tədbiri işıqlandırmaqdan ötrü səfərə jurnalistlər də çıxmışdı: Trend BİA-nın redaktoru Bəxtiyar Hacıyev, Milli.Az xəbər portalının əməkdaşı Fuad Mədətov və "Infoline" saytının əməkdaşı Rasim Musayev.
El arasında "Qırmızı körpü", rəsmi adı "Sınıq körpü" olan sərhəd qapımızından Gürcüstan ərazisinə keçirik. Gecə saatlarına təsadüf edən yoxlanış elə də uzun sürmür və biz paytaxt Tbilisi, eləcə də Gürsütanın bir neçə şəhər və kəndləri olmaqla, səhərə yaxın Gürcütanla Türkiyə sərhədlərini ayıran "Sarp sərhəd məntəqəsi"nə çatırıq. Çox keçmir ki, heç bir problem olmadan avtobusumuz Qara dənizin bitib-tükənməyən sahilində salınmış şose ilə yoluna davam edir.
Adama elə gəlir ki, Türkiyədə günəş tez doğur. Səhərin açılmasını avtobusda, yol gedə-gedə qarşılayırıq. İki gün yaşayacağımız hotelə yetişməyimiz də uzun çəkmir. Gecələri qısa, gündüzləri uzun olan Trabzonda mehribanlıqla qarşılanmağımız hər birimizdə yüksək əhval-ruhiyyə yaratmışdı.
Konsert Yeşilyalıda "Hasan Usta" adlanan salonda keçiriləcəkdi. Bu səbəbdən də yol yorğunluğunu bir neçə saat dəf edib mindən çox tamaşaçı tutumu olan məkanda məşq prosesinə yollanırıq. Bu arada qeyd etmək yerinə düşərdi ki, Gürsoylar nəsli Trabzonda çox nüfuzlu soyaddır. 10 ildən artıq fəaliiyət göstərən bu dərnək insanlara xeyirxahlıq etmək məqsədi ilə yaradılıb və bu işdə Türkiyə hökumətindən də dəstək alır. Bakıdan gələn müğənnilərin əksəriyyətinin canlı ifa edəcəklərini nəzərə alan musiqiçilər Elnur, İsrafil və Elşən hər bir sənətçinin öncədən hazırladığı repertuarı müşayiət edib, konsertin hazırlıqlarını yüksək səviyyədə tamamladılar.
28 may tarixinə təsadüf edən konsert günümüz yağışla açıldı. Qara dənizin tam sahilində yerləşən "Black sea" hotelində gümrah əhval-ruhiyyədə oyanıb yaxşıca qidalanırıq və daha sonra hamılıqla ləpələnməyən dənizin suyuna toxunmaq üçün sahil kənarına enirik. Dəniz turu etməsək də, bolluca alış-veriş etmək şansımızı da günboyu dəyərləndiririk. Və saat 17:00-da başlanan təbdir üçün bir saat tez məkana gəlirik.
Gürsoylar Yardımlaşma və Dayanışma Dərnəyinin rəhbərliyini təhvil alan Hüseyn Gürsoy, Erdoğan Gürsoy, Hayrettin Gürsoy və başqaları fəxri qonaq olduğumuzu bütün tədbir iştirakçılarının diqqətinə çatdırırdılar. Azərbaycan-Türkiyə dostluğundan ağız dolusu danışan trabzonlular Bakının gözəlliyi, azərbaycanlıların qonaqpərvər millət olmasını elə aydın formada xarakterizə edirdilər ki, qardaş ölkədə yaşayan türklərə minnətdarlıq etməyə bilməzdik.
Axşam saat 18:00-da başlayan təbdir Erdoğan bəyin giriş nitqi ilə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi "Bir millət - iki dövlət" sözlərini xatırladan E.Gürsoy tədbirin mahiyyətindən danışıb, insanlara kömək və xeyirxahlıq etməyin türk xalqlarının əsas məqsədi olduğunu söylədi.
Türkiyənin idman naziri Faruk Özak, Qalatasaray futbol klubunun sabiq rəhbəri, amma hələ də klubun fəxri lideri kimi qəbul edilən Ergün Gürsoy, eləcə də Trabzonun Arsin rayonu başda olmaqla, digər qəsəbə və kəndlərinin rəhbərləri, sıravi vətəndaşlar tədbirdə işirak edirdilər. Türkiyənin adını uşaqların iştirak etdiyi dünya miqyaslı festivallarda dəfələrlə birincilər sırasına yazdıran "Miniklər" rəqs qrupunun kolletivi gecənin açılışını etdi.
Çıxışı zamanı Azərbaycanın əməkdar artisti Azərinin ifasında ikinci nəfəs qazanan "Çırpınırdın Qara dəniz" mahnısını örnək göstərən idman naziri Faruk Özak mərhum Azərbaycan şairi Əhməd Cavadın illər öncə yazdığı sözlərin hələ də öz aktuallığını itirməməsindən şad olduğunu dilə gətirdi. Onsuz da çıxış edəcəyimiz proqrama bu mahnını da daxil etmişdik. Müğənni Teymur Qədirovun özü bu təkliflə çıxış etmişdi ki, Qara dənizin sahilində olduğumuzdan bu mahnını ifa etmək arzusundadır. Mahnını konsertin gedişatında səsləndirməyi Teymura məsləhət bilmişdik. Amma Faruk bəyin sitatı proqramda bəzi dəyişikliklər etmək zərurəti yaratdı və konsertin bizə düşən hissəsinin açılışını məhz "Çırpınırdın Qara dəniz" mahnısı ilə etdik.
Milli geyimdə səhnəyə çıxan Teymur ifasını bitirər-bitirməz tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırıldı. Ardınca isə səhnəyə milli geyimdə olan Rəşidə xanım çıxdı. Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i özünəməxsus şirinliklə ifa edən müğənnini daha sonra səhnədə yenə Teymur əvəzlədi. Müğənninin türk dilində "Sarı gəlin"i oxuduğunu görən türklər zalda elə coşqu yaratdılar ki, səhnəyə çıxmaqdan ötrü öz növbələrini gözləyən digər müğənnilərimiz də yetərincə müsbət enerjiyə kökləndilər.
Onu da əlavə edək ki, tədbir zamanı Azərbaycanın xalq rəqslərini ifa edən sürpriz qonaq - rəqqasə də çıxış etdi. İllərdən bəri Türkiyədə yaşayıb fəaliyyət göstərən həmyerlimiz Aygün Azəri gəlişimizdən xəbər tutub qaldığımız hotelə təşrif buyurmuşdu. Kollektivimizə qaynayıb-qarışan Aygün xanım da səhnə musiqiçilərimizin müşayiəti ilə səhnədə "Tərəkəmə" rəqsini oynadı.
Tamaşaçılardan ən çox diqqət görən müğənni isə türk mahnılarını bəlkə də türk qardaşlarımızın özlərindən yaxşı bilən və oxuyan gənc müğənni Məleykə Muradova oldu. İfası zamanı publikanı ələ alan müğənni həm çıxışı zamanı, həm də mahnı bitəndən sonra onunla xatirə şəkil çəkdirməkdən ötrü sanki növbəyə duran yeni heyranları ilə fotolar çəkdirməkdən yorulmadı.
Pop janrında mahnılar ifa edən Seymur da qıvraq rəqsləri və türk müğənnilərindən seçilməyən səsi ilə tamaşaçıların məhəbbətini qazandı. Trabzonluların şərəfinə bədahətən yarı Azərbaycan, yarı türk dilində meyxana deyən Azad isə tədbirdə bir başqa canlanma yaratdı. Digər müğənnilər Məsumə Əliyeva, Kamil Qədimzadənin çıxışları da mərasim iştirakçılarının xüsusi rəğbətinə səbəb oldu.
28 may Respublika Gününə həsr olunmuş qardaşlıq konserti Rəşidə Kərimovanın "Qarabağ şikəstəsi"ni ifa etməsi ilə sona çatdı.
Tədbirdən sonra Azərbaycandan gələn geniş tərkibli heyət üçün axşam ziyafəti verildi. Və biz səhər saatlarında İstanbuldan hərəkət edən avtobusda yerlərimizi rahatlayıb Bakıya qayıtmaqdan ötrü yenidən uzun yola çıxırıq...
Foto: Şahin Cavadsoy