...

Türkiyədən qələbə reportaji: Minlərlə tamaşaçı "Azərbaycan! Azərbaycan! Azərbaycan!" dedi (FOTO)

Mədəniyyət Materials 7 İyul 2011 15:17 (UTC +04:00)
"38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" çərçivəsində keçirilmiş müsabiqənin qalibi məhz Azərbaycandan qatılan iştirakçılardan biri oldu. Səhnədə Azərbaycan bayrağı dalğalandı.
Türkiyədən qələbə reportaji: Minlərlə tamaşaçı "Azərbaycan! Azərbaycan! Azərbaycan!" dedi (FOTO)

Türkiyə, Mersin, 7 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda 1 iyul tarixindən start götürən türkdilli ölkələrin sənətçilərinin iştirak etdiyi "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" çərçivəsində keçirilmiş müsabiqənin qalibi məhz Azərbaycandan qatılan iştirakçılardan biri oldu. Səhnədə Azərbaycan bayrağı dalğalandı. Minlərlə tamaşaçı "Azərbaycan! Azərbaycan! Azərbaycan!" söyləyib sevincimizə şərik oldu. Trend-in müsabiqəni Silifkedən birbaşa izləyən reportyoru xəbər verir ki, Cəlal Abbasov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin birinci yerini qazandı.

Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Kipr, Tuva, Altay, Saxa (Yakutiya), Başqırdıstan, Qaqauz Yeri, Xakasiya, Tatarıstan və Krımdan gələn iştirakçılar festivalın şərtlərinə uyğun olaraq səhnədə iki dəfə çıxış etdilər. Cəlal Abbasovla yanaşı, Azərbaycandan qatılan digər iki iştirakçı - Günel Ələkbərova ilə Nurlan Əzizbəyli də müsabiqənin xüsusi mükafatlarına layiq görüldülər.

"Mavi xərçəng" adını daşıyan beynəlxalq müsabiqənin ikincisi Qazaxıstandan olan Araylım Jukenova, üçüncüsü isə Qırğızıstandan gəlmiş Kural Cokoyev oldu.

TÜRKSOY-un rəhbəri Düsen Kaseinov Trend-ə açıqlamasında bildirdi ki, Azərbaycanın birinci olması onu çox sevindirib. "Eurovision"ın ardınca indi də belə bir beynəlxalq müsabiqədə Azərbaycandan qatılan iştirakçının birinci olması mədəniyyətiniz üçün çox böyük göstəricidir. Sizə növbəti qələbəni qazandırdığına görə Cəlal Abbasovu təbrik edirəm. İnşallah, Silifkedə keçirilən bu festivalı gələcəkdə "Turkvision" adı ilə təşkil etməyi düşünürük", - Kaseinov belə dedi.

Sözləri Dəmir Gədəbəyli, musiqisi Elza İbrahimovaya məxsus olan "Ey Vətən" və Eldar Mansurovun Pənah Rüstəmin sözlərinə bəstələdiyi "Gözəl həyat" mahnıları ilə birinciliyi qazanan Cəlal Trend-ə açıqlamasında bildirdi ki, o, gəldiyi ilk gündən qalib gələcəyinə olan inamı ilə səhnəyə çıxıb.

"İlk növbədə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm ki, onlar Azərbaycandan olan heyətdə mənim də iştirakımı təmin ediblər. Bu birinciliyimi iki sənətçi dostlarım - Günel və Nurlanla paylaşıram. Hesab edirəm ki, hər üçümüz çox yaxşı çıxış etdik və çəkdiyimiz zəhmət hədər getmədi, birinciliyi Azərbaycan qazandı", - Cəlal belə dedi.

Xatırladaq ki, Cəlal Abbasov uzun illərdir Moskvada yaşayır və müğənni kimi fəaliyyət göstərir. O, dörd il əvvəl Azərbaycanda keçirilmiş "Bakı gecələri" müsabiqəsində birinci olaraq Qran-pri qazanmışdı.

Son olaraq vurğulamaq istərdik ki, festivalın qala konsertləri bu gun və sabah da davam edəcək. Və hər üç favorit müğənni yenidən səhnəyə çıxıb, Türkiyənin populyar sənətçiləri Hadisə və Haktanla eyni səhnəni paylaşacaqlar.

FOTO: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti