...

Səhnədən ayrı düşsəm, ölərəm - türk pop-ulduzu Gökhan Özen (FOTO)

Mədəniyyət Materials 11 İyul 2011 16:46 (UTC +04:00)
Türkiyənin Mersin vilayətinin Silifke rayonunda keçirilmiş "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" sona çatsa da, festival çərçivəsində lentə aldığımız fotoları silsilə reportaj kimi Siz oxucularımıza təqdim edəcəyik.
Səhnədən ayrı düşsəm, ölərəm - türk pop-ulduzu Gökhan Özen (FOTO)

Türkiyə, Mersin, 11 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda keçirilmiş türkdilli ölkələrin sənətçilərinin iştirak etdiyi "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" sona çatsa da, festival çərçivəsində lentə aldığımız fotoları silsilə reportaj kimi Siz oxucularımıza təqdim edəcəyik.

Məlum olduğu kimi, beynəlxalq musiqi bayramına tanınmış türk estrada ulduzları da qatılırdı və həftə boyu yerli pərəstişkarları qarşısında hesabat xarakterli konsertləri ilə çıxış edirdilər. Pop-ulduz Gökhan Özen Silifkeye ilk dəfə gəldiyindən səhnə arxasında çox təlaşlı görünürdü. Səhnəyə çıxmamışdan əvvəl Trend-ə qısa açıqlama verən müğənni bildirdi ki, pərəstişkarları ilə hər görüş onu xeyli həyəcanlandırır.

"Səhnədən ayrı düşsəm, ölə bilərəm, amma özümdən asılı deyil, istər 5, istər 5 min, istərsə də 500 min tamaşaçı ilə canlı görüşlərimdə tam fərqli hisslər keçirirəm. Sözlərlə ifadə etmək çətindir. Bu yaşıma çatsam da, Mersinin Silifke rayonuna gəlişim ilk dəfədir. Ümidvaram ki, məni öz doğmalarından ayırmayacaqlar", - Gökhan Özen dedi.

Müğənni Azərbaycanla bağlı təəssüratlarını təlaş içində səhnəyə çıxdığı zaman dilə gətirdi. "Səhnədə qırmızı türk bayrağı ilə yanaşı, digər türkdilli ölkələrin bayraqlarının bərabər asıldığını görmək çox qürurvericidir. Azərbaycan bayrağını isə xüsusi olaraq vurğulamaq istərdim. Qardaşlığımızın sıx olması hamımızı sevindirir. Buradan üzümü Bakıda yaşayan pərəstişkarlarıma tutub deyirəm ki, məni qarşılamağa hazırlaşın. Mütləq yenidən qonağınız olacağam", - müğənni əlavə etdi.

Solo konsertini işıqlandıran fotoqrafların sayı-hesabı bilinməsə də, Gökhan jest edərək ən çox bizim fotokameramızın obyektivi qarşısında gülümsər pozalar verməklə diqqətimizdən yayınmadı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti