...

Sərxan Kərəmoğlu gənc müğənni Elvin Abbasovun birdən-birə 3 klipini təqdim etdi (VİDEO-FOTO)

Mədəniyyət Materials 15 Sentyabr 2011 18:47 (UTC +04:00)
Moskvada Nəsibə Zeynalova adına Teatrın yaradıcısı kimi tanınan, indi isə İstanbulda rejissor və prodüser kimi fəaliyyətini davam etdirən Sərxan Kərəmoğlu jurnalistlər qarşısına çıxıb özünün yeni bir yetirməsini tanıtdı.
Sərxan Kərəmoğlu gənc müğənni Elvin Abbasovun birdən-birə 3 klipini təqdim etdi (VİDEO-FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Moskvada Nəsibə Zeynalova adına Teatrın yaradıcısı kimi tanınan, indi isə İstanbulda rejissor və prodüser kimi fəaliyyətini davam etdirən Sərxan Kərəmoğlu jurnalistlər qarşısına çıxıb özünün yeni bir yetirməsini tanıtdı. Söhbət Elvin Abbasov adlı gənc müğənnidən gedir. Mətbuat konfransında olduqca səmimi açıqlamalar verən Sərxan, Trend-ə nə üçün gənclərə dəstək olduğundan danışdı.

"Bəli, illər öncə iş görməyə başlayanda mənə çox az sayda insanlar kömək oldular. Nə etdimsə, özüm qurub-yaratdım. Və Allahımı daim başımın üzərində hiss edərək bu səviyyəyə qədər irəliləyə bildim. Müğənni kimi karyerasına başlayan Elvin Abbasov isə bu gün çox şanslı sənətçidir ki, səhnəyə ilk addımları atdığı andan, başda mən olmaqla, bu sahənin ən peşəkar insanlarından lazımınca dəstək alıb. Media mənsublarının da onu öz doğmaları kimi qəbul edəcəyindən əminəm. Xahişim budur ki, Elvin kimi istedadlı gənclərdən köməyinizi əsirgəməyin", - Sərxan Kərəmoğlu dedi.

Tədbir zamanı birdən-birə üç yeni klip təqdim olundu. Söz və musiqisi İsmayıl Əsədova aid "Qeyri-adi" adlı mahnı İstanbulda lentə alınıb. Ritmik notlar üzərində yazılmış mahnıda görüntü ilə mövzu üst-üstə düşür. Rejissorluğunu Sərxanın özünün etdiyi ekran işində Türkiyədə izlənmə rekordları vuran "Fatmagülün suçu ne?" serialının bir qrup texniki heyəti çalışıblar. Klipə nə qədər vəsait xərcləndiyi açıqlanmadı.

Sözləri Güllər Qəmliyə, musiqisi Aybəniz Güllərə məxsus olan "Can Azərbaycan" mahnısı isə Bakıda yenə də Kərəmoğlunun rejissorluğu ilə ekranlaşdırılıb. Bakı da daxil olmaqla, vətənimizin dilbər güşələrinin görüntülərindən ibarət olan vizul məhsul təbdir iştirakçılarının marağına səbəb oldu.

Üçüncü klip isə Elvinin İstanbulun Beşiktaş Bələdiyyəsinin təşkilatçılığı ilə düzənlədiyi konsertdə çıxışı zamanı "Qeyri-adi" mahnısını ifa etdiyi zaman lentə alınıb. Bu ekran işinə də Kərəmoğlu özü quruluş verib.

Sakit təbiətə malik səbəbkar ilk tanıtım gecəsində xeyli həyəcanlı görünsə də, özü barədə Trend-əö bunları söylədi. "Hər şeydən əvvəl Sərxan müəllimə təşəkkür edirəm ki, böyük qardaş kimi mənə dəstək olub layihələrimi gerçəkləşdirməyə razılıq verdi. Çox müğənnilər Türkiyə şou-biznesinə can atsalar da, Sərxan Kərəmoğlunun sayəsində mən birbaşa qardaş ölkənin ən tanınmış simaları ilə tanış olmaq imkanı qazandım. Kliplərimizin İstanbulda çəkilməsi artıq uğurdan xəbər verir. Özüm haqqında isə bunları deyə bilərəm. Şou-biznesdə yeni sima olsam da, həm vokal, həm də muğam təhsilinə yiyələnmişəm. Muğam ustadı, xalq artisti Ağaxan Abdullayev müəllimim olub. Vokal dərslərini isə tanınmış vokal ifaçısı, əməkdar artist Samir Cəfərovdan almışam. Estrada sahəsində ilk çalışdığım bəstəkar Mətanət Dadaşova olsa da, Rəhim Rəhimli, İsmayıl Əsədovla yaradıcılıq əməkdaşlığımız var. Son günlər isə sevimli bəstəkarım Aybəniz xanım Güllərlə əməkdaşlığımızı daha sıx davam etdiririk. Onunla silsilə mahnılar hazırlayıb dinləyicilərə təqdim etmək niyyətindəyik", - Elvin belə dedi.

Dost məclisini xatırladan mətbuat konfrasında Sərxan daha bir maraqlı açıqlama ilə çıxış etdi. "Türkiyə şou-biznesi ilə bağlı bir sıra yeni işlərim gözlənilir. Bunlardan ən birincisi "Sarkhan Kerem production"ın yaradılmasıdır ki, bu da Azərbaycan sənətçilərinin çox xeyrinə olacaq. Elvin Abbasov da daxil olmaqla, mənimlə yaradıcılıq əməkdaşını davam etdirmək arzusunda olan sənətçiləri adımla bağlı olacaq prodüser mərkəzində bir yerə toplayacağam. İndidən layihələr haqqında danışmaq istəmirəm. Allahın köməyi ilə bütün yeniliklərimi qısa vaxt ərzində sizə çatdıracağam", - Kərəmoğlu əlavə etdi.

Elvin Abbasova dəstək olsun deyə, bəstəkar Aybəniz Güllər, müğəni Nadir Qafarzadə və Sərxanın digər sənətçi dostları təqdimat mərasiminə təşrif buyurmuşdular.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti