...

Murad Sadıx ilk konsertində muğam oxuyacaq (FOTO)

Mədəniyyət Materials 26 Sentyabr 2011 16:03 (UTC +04:00)
Heydər Əliyev adına sarayda tamaşaçılar qarşısında çıxış etməyə hazırlaşan populyar estrada müğənnisi Murad Sadıx hər gün qızğın məşq prosesini davam etdirir.
Murad Sadıx ilk konsertində muğam oxuyacaq (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Oktyabrın 3-də "Yaşayıram oxumaq üçün, oxuyuram yaşamaq üçün" adlı ilk solo konsert proqramı ilə Heydər Əliyev adına sarayda tamaşaçılar qarşısında çıxış etməyə hazırlaşan populyar estrada müğənnisi Murad Sadıx hər gün qızğın məşq prosesini davam etdirir.

Uşaq Filarmoniyası və Milli Konservatoriyada keçirilən məşqlər Muradın müəllimi - əməkdar müəllim, Milli Konservatoriyanın dosenti, musiqişünaş Məryəm Babayeva və tanınmış xanəndə Qəzənfər Abbasov tərəfindən aparılır.

Trend olaraq, Region TV-də yayımlanan "Şou məkan" maqazin proqramının yaradıcı heyəti ilə birlikdə məşqlərdən birinə qatılıb hazırlığın necə keçdiyi ilə maraqlandıq.

Məryəm xanım repertuar seçimində də Murada dəstək olduğu üçün onun məsləhəti ilə müğənniyə konsertdə "Bayatı-Şiraz" muğamından bir parça ifa etmək tapşırılıb. Bu səbəbdən də xanəndə Qəzənfər Abbasov artıq bir neçə vaxtdır müğənniyə muğam oxumağın sirlərini aşılayır.

Dərslərdən razı qalan müğənni konsert hazırlıqlarının uğurla getdiyindən məmnunluqla danışdı. "İlk növbədə, Heydər Əliyev adına sarayın rəhbərliyinə təşəkkür edirəm ki, mənə sürpriz edib konsert proqramı ilə çıxış etməyimə şərait yaratdılar. Bu səbəbdən də konsertə çox ciddi hazırlaşıram. Müəlliməm Məryəm xanıma dərin minnətdarlığımı bildirirəm ki, hər gün mənimlə məşq etməyə vaxt ayırır. Sürpriz olsun deyə, istədik ki, ilk dəfə olaraq muğamlarımızdan birini repertuarımıza daxil edək. Və sağ olsun Qəzənfər müəllim, qısa zaman ərzində məni öz tələbələri sırasına daxil etdi. Və bacardığı qədər mənə kömək edir. Valideynlərimə təşəkkür edirəm ki, bütün günü qulluğumda dayanıb heç vaxt köməklərini əsirgəmirlər. Sonda Trend vasitəsilə oxuculara səslənib deyirəm ki, konsertimdə mütləq iştirak etsinlər. Sənətimi sevib yüksək qiymətləndirən tamaşaçıların dəstəyinə çox ehtiyacım var", - Murad Sadıx belə dedi.

Qeyd etmək yerinə düşər ki, Rövşən Yusifovun rəhbərlik etdiyi "Hicaz" instrumental ansamblı və "Spider" şou-balet qrupu səhnədə müğənni Murad Sadıxı müşayiət edəcək.Konsertin maraqlı məqamlarından biri də aparıcı qismində əməkdar artist Tünzalə Ağayevanın çıxış etməsi olacaq. Gedişatda Murad və Tünzalə xanım tamaşaçılara sürpriz duetlərini də təqdim edəcəklər.

Biletlərin qiyməti 15-40 manat civarındadır.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti