...

Aybəniz Haşımovanın xidmətləri gənclər tərəfindən mükafatla qiymətləndirildi (FOTO)

Mədəniyyət Materials 3 Oktyabr 2011 18:22 (UTC +04:00)
"İslahatçı Gənclər" İctimai Birliyinin təsis etdiyi "Xəzər" Milli mükafatı bu gün öz sahiblərinə təqdim olundu.
Aybəniz Haşımovanın xidmətləri gənclər tərəfindən mükafatla qiymətləndirildi (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

"İslahatçı Gənclər" İctimai Birliyinin təsis etdiyi "Xəzər" Milli mükafatı bu gün öz sahiblərinə təqdim olundu. "Gənclərə Yardım Fondu"nun qərargahında baş tutan mükafatlandırma mərasimi birliyin sədri Fərid Şahbazlının giriş nitqi ilə başladı. Məlum oldu ki, seçilən şəxslərin hər biri rəy sorğusu əsasında "Xəzər" mükafatına layiq görülüblər.

Azərbaycanın əməkdar artisti, tanınmış müğənni, "Bülbüllər" qrupunun rəhbəri Aybəniz Haşımova il ərzində gənclərin təşkil etdiyi xeyriyyə tədbirlərində, cəbhə bölgələrində əsgərlər qarşısında keçirilən konsertlərdə fəal iştirakına görə mükafata layiq görülən yeganə sənətçi oldu.

Mərasimə qızı, gənc müğənni Aynişan Quliyeva ilə birgə təşrif buyuran Aybəniz xanım bu mükafatı övladının qazandığı nailiyyətlərdən ayırmadığını dilə gətirdi. Trend-ə açıqlamasında əməkdar artist gənclərə təşəkkür etməyi də unutmadı.

"Minnətdaram o gənclərə ki, onlar vətənimizin xoşbəxt sabahı naminə durmadan çalışır, təhsillərini mükəməlləşdirir, həyat yolunda məğrurcasına addımlayırlar. İnanın, eşidəndə ki, "İslahatçı Gənclər" İctimai Birliyi il ərzində gördüyüm işlərə müsbət qiymət verərək məni də mükafatla tətif edib, çox sevindim. Düzdür, gördüyüm işlərdə əsla fikirləşmirəm ki, sonda kimsə mənə təşəkkür etməlidir. Amma zəhmətə qiymət verildiyinin şahidi olanda, əlbəttə ki, sevinməmək mümkün deyil. Hər birinə təşəkkür edirəm və var olsun Azərbaycan gəncləri deyirəm", - Aybəniz xanım belə dedi.

Mükafat 20-dən artıq şəxsə təqdim olunub. Onlar arasında aktiv millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai və mədəni xadimlər, eləcə də media təmsilçiləri də olub.

Xəbər lenti

Xəbər lenti