Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/
Lider TV-də tamaşaçıların böyük maraqla izlədikləri "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu son vaxtlar qonağı olan müğənnilərin efirdə göz yaşlarına hakim ola bilməmələrindən danışdı. Trend-ə açıqlamasında teleaparıcı bildirdi ki, əslində onların məqsədi heç də kiminsə göz yaşlarının efirdə nümayiş olunması deyil.
"Nə qədər bunu dilə gətirmək istəməsək də fakt öz faktlığını qoruyur ki, efirdə hansısa sənətçi ağlayırsa, tamaşaçı daha çox o verilişə baxır və nəticədə reytinq əldə olunur. Amma "Rəngarəng"in məqsədi o deyil ki, biz reytinq naminə sırf bu addımı ataq. Çəkiliş vaxtı qonağımızla görüşüb onunla bir günü birlikdə keçiririk. Səmimi söhbətimiz zamanı həssas suallar ünvanlayan da olur ki, qonağım göz yaşlarını saxlaya bilmir. Ad çəkmək istəmirəm, elə sənətçi verilişimizdə çəkildi ki, onunla ağlamağına səbəb olacaq mövzu barədə qətiyyən söhbət etməmişdik, özü ağlayıb", - Zaur Nəbioğlu dedi.
Söhbətimiz zamanı teleaparıcı "Rəngarəng"in əyləncəli verilişlər arasında yüksək reytinq qazanmasına da maraqlı münasibət bildirdi. "Bu günə qədər və bundan sonra da ancaq bir amalımız var, hazırladığımız verilişlə seçilmək. Məhz bu səbəbdən nailiyyət qazanmağa müvəffəq olmuşuq. Gərgin iş qrafikində, bəzən komanda olaraq yuxusuz gecələrimizi sərf edib proqramımızı hazırlamışıq. "Ulduz production"la rejissorumuz və mənim birgə layihəmizdir "Rəngarəng". Əsla sifarişlə və ya şəxsi marağımızla qonaqlar dəvət etməmişik. Elə olub ki, verilişin uğurlu alınması naminə danışmadığım şou-biznes nümayəndəsini qonağımız haqqında danışdırmışam. Tamaşaçı gözü də tərəzidir. İşimizi sevdiyimizə görə tamaşaçılar zəhmətimizə layiqincə qiymət verib bizə baxırlar", - Zaur əlavə etdi.
Tamaşaçıların diqqətinə çatdırmaq istərdik ki, "Rəngarəng" verilişinin efir vaxtında dəyişiklik edilib. Proqram hər zaman olduğu kimi cümə günü nümayiş olunsa da, yayım vaxtı saat 22:30-a təsadüf edəcək. 14 oktaybrda izləyəcəyiniz maraqlı proqramın qonağı isə populyar estrada müğənnisi Ayan olacaq. Trend olaraq baxımlı telelayihənin rənagarəngli anonsunu Sizə təqdim edirik.