...

Populyar türk seriallarında rol alan aktyor Azərbaycan haqqında film çəkir (FOTO)

Mədəniyyət Materials 19 Oktyabr 2011 17:39 (UTC +04:00)
"Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav", "Kurtlar vadisi" kimi baxımlı türk seriallarında rol almış azərbaycanlı aktyor Murad Fətullayev bir neçə vaxtdır ki, İstanbuldan Bakıya gəlib.
Populyar türk seriallarında rol alan aktyor Azərbaycan haqqında film çəkir (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav", "Kurtlar vadisi" kimi baxımlı türk seriallarında rol almış azərbaycanlı aktyor Murad Fətullayev bir neçə vaxtdır ki, İstanbuldan Bakıya gəlib. Vətənə gəlişinin səbəbi isə aktyorun Azərbaycan haqqında qısametrajlı film çəkmək istəyi ilə bağlıdır.

"Bakıdan İstanbula bir yol" adlı filmin çəkilişləri üçün Azərbaycana gəlmişəm. Ssenarisi mənə məxsus olan filmə tanınmış türkiyəli rejissor Bülent Kara quruluş verəcək. Bircə onu demək istəyirəm ki, hazırda aktyor seçimi ilə məşğuluq və niyyətim odur ki, Azərbaycanın populyar müğənniləri qəhrəmanımız olsunlar. Bu işdə mənə dəstək olan rejissor və prodüser, dostum Sərxan Kərəmoğlunun adını məxsusi olaraq vurğulamaq istəyirəm. Bildiyimiz kimi, Sərxan müəllimin "Acılar bitməz" filmi Azərbaycan və Türkiyə aktyorlarının oynadıqları ilk ortaq film idi və biz də bu ənənəni davam etdirməyi qarşımıza məqsəd qoymuşuq. Bakıda və Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunda aparılacaq çəkilişlərin ilkin mərhələsi artıq baş tutub. Yaxın günlərdə fərqli fotosessiyanı diqqətinizə çatdıracağam", - Murad belə dedi.

Trend-ə açıqlamasında 11 ildir Türkiyədə "Azəri oğlu Murad" kimi yaşayıb fəaliyyət göstərən aktyor başqa yaradıcı layihələr üzərində də işlədiyini söylədi. Məlumat üçün bildirək ki, istedadlı aktyor qardaş ölkənin teatr xadimləri - Müjdat Gezen, Sümer Tilmaç, Yılmaz Erdoğandan dərslər alıb. Türkiyənin "Mixx TV" telekanalında əyləncəli verilişin aparıcısı olub. İndi isə Türkiyənin tanınmış teleaparıcısı Acun Ilıcalı tərəfindən yaradılmış "Acunn media"da menecer kimi çalışır. Reklam və seriallarda rol alan Murad Türkiyənin "TNT" telekanalında yayımlanan "Dedektiv Memoli" adlı serialda yenidən kameralar qarşısına keçəcək. O, həmçinin İstanbulda Sərxan Kərəmoğlunun rəhbəri olduğu "Quliyeva adına teatr"da yeni bir tamaşanın məşqləri ilə məşğuldur. Fətullayev ayın sonunda Türkiyəyə qayıtmağı planlaşdırsa da, yaradıcı işlərini davam etdirmək üçün davamlı olaraq vənətə gəlib-gedəcək.

Xəbər lenti

Xəbər lenti