Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Artıq məlumat verildiyi kimi, Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qız Qalasında məskən salmış uzunqanad quşlar (lat. Apus apus) alternativ yuvalarla təmin olunublar.
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məkumata görə, elmi əsaslarla və müasir texnologiyaların köməyi ilə həyata keçirilmiş proses çərçivəsində Avropada hazırlanmış 500-dən artıq yuva yaxınlıqdakı binanın fasadında quraşdırılıb.
Uzunqanadların ancaq iki-üç ildən sonra yeni yuvalara cəlb ediləcəyi gözlənilsə də, yuvaların xüsusi kameralar vasitəsi ilə araşdırılması sevindirici nəticələrin əldə olunduğunu göstərib. Belə ki, 30-dan artıq yuvada quşların burada məskən salmasının izləri tapılıb.
Gələn il belə yuvaların sayının artması üçün sınaqdan çıxmış üsullardan istifadə olunmasına davam etdiriləcək.