...

II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Mədəniyyət Materials 2 Noyabr 2012 16:13 (UTC +04:00)
Noyabrın 5-6-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Noyabrın 5-6-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dan çox qonağın, o cümlədən Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, məhşur Polşa dramaturqu, senaristi və rejissoru Kşiştof Zanussi, Rusiyanın görkəmli teatr və kino aktyoru, xalq artisti, dövlət mükafatı laureatı, "Qızıl maska" Beynəlxalq Teatr Festivalının prezidenti Georgi Taratorkin, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, YUNESKO-nun sülh artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalının prezidenti Mohammad Alafkham, ASSITEJ-in prezidenti İvetta Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, TXİ-nin katibi Mixail Safronov, "Qızıl maska" Beynəlxalq Teatr Festivalının baş direktoru Mariya Revyakina və başqa tanınmış mütəxəssislərin iştirakı gözlənilir.

Konfrans çərçivəsində noyabrın 4-də saat 19:00-da Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli teatr və kino aktyorları - Litvanın xalq artisti Yuozas Budraytisin və SSRİ xalq artisti Ryaqimantas Adomaytisin iştirakı ilə yaradıcılıq gecəsi olacaq, noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə "Qadın intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında "Vağzal heç yerə getmir" tamaşaları göstəriləcək.

Bundan başqa, konfrans zamanı I Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş foto-sərgilər nümayiş olunacaq, "Milli idensifikasiya və inkişaf" komitəsinin idarə heyətinin toplantısı keçiriləcək. Noyabrın 4-də Kşiştof Zanussinin (10:00-11:45, Milli Dram Teatrı), İvitsa Simiçin (10:00-11:45, Gənc Tamaşaçılar Teatrı), Məhəmməd əl-Əfxanın (10:00-11:45, Milli Dram Teatrı), noyabrın 7-də Mişel Vaysın (10:00-11:45, Milli Dram Teatrı) iştirakı ilə seminarlar keçiriləcək.

Qeyd edək ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın proqramına uyğun olaraq, 2010-cu il 7-8 noyabr tarixində ilk dəfə "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusuna həsr olunmuş I Bakı Beynəlxalq Teatr Konfransı keçirilib və konfransda ABŞ, Kanada, Rusiya, Çexiya, Honq Konq, Səudiyyə Ərəbistanı, Ukrayna, İsveçrə, İran, Türkiyə, Polşa, Avstriya, Belarus, Finlandiya, Estoniya, Litva, Çin, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Tunis, İngiltərə, Sinqapur, Koreya, Yunanıstan və Almaniyadan - 30-dan artıq ölkədən 60-dan çox mütəxəssis iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti