Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Noyabrın 10-da dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ˝Leyli və Məcnun˝ muğam operası Kaliforniyanın San Fransisko şəhərində ifa edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, opera San Fransisko Dünya Musiqisi Festivalı (San Francisco World Music Festival) çərçivəsində səhnələşdirilib. Bu, ˝Leyli və Məcnun˝ operasının ABŞ-da ilk nümayişidir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, ˝Leyli və Məcnun˝ operasının tarixi barədə məlumat verib, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqisi Festivalının xüsusi fəxrnaməsini təqdim edib. Fəxrnamə Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilib.
Sonra opera tamaşası başlayıb. Gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa ediblər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət edib.