...

"YARAT!" Müasir İncəsənət Məkanı "Public Art 2013" layihəsində iştiraka dəvət edir

Mədəniyyət Materials 24 Dekabr 2012 10:00 (UTC +04:00)
"YARAT!" Müasir İncəsənət Məkanı insanları gələn ilin fevral ayının sonunda başlayacaq "Public Art 2013" layihəsində iştirak etməyə dəvət edir.
"YARAT!" Müasir İncəsənət Məkanı "Public Art 2013" layihəsində iştiraka dəvət edir

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"YARAT!" Müasir İncəsənət Məkanı insanları gələn ilin fevral ayının sonunda başlayacaq "Public Art 2013" layihəsində iştirak etməyə dəvət edir.

YARAT! Müasir İncəsənət Məkanından Trend-ə bildirilib ki, bu ilin avqust ayında başa çatmış "012 Baku Public Art Festival" belə təşəbbüsün Azərbaycan üçün çox aktual olmasını bir daha sübut etmişdi və İçəri Şəhər İdarəsi, Bakı Bulvarının baş İdarəsi, "Bank Standard" və "Azercell" şirkətinin fəal dəstəyi nəticəsində təşkil olunmuşdu.

Son səkkiz ay ərzində hər həftənin beşinci günü keçirilən festival əsərlərinin açılış təqdimatları xoş bir ənənəyə çevrilmiş, bakılıların və şəhərimizin qonaqlarının marağına səbəb olmuşdur. Şəhərdə quraşdırılan heykəl kompozisiyaları və instalyasiyalar dərhal ictimai müzakirə mövzusuna və Bakı sakinlərini cəzb edən bir yerə çevrilirdi.

Gələn il keçiriləcək festival əvvəlki festivalla müqayisədə meqapolis məkanında müasir incəsənət mövzusunu daha güclü işıqlandıracaq və istər fərdi müəllif, istərsə də müəlliflər kollektivi tərəfindən təqdim olunacaq 10 layihəni həyata keçirəcək.

Qeyd edək ki, növbəti il təşkil olunacaq festivala təqdim ediləcək layihələr özünəməxsus interaktivliyi ilə fərqlənməlidirlər. Festival təşkilatçılarının fikirlərinə əsasən, tədbirdə iştirak edəcək rəssamlar yaradıcı prosesə cəlb olunacaq tamaşaçılarla daimi ünsiyyətdə olmalıdırlar. Tamaşaçıların tədbirlərdə iştirakı nümayiş olunacaq əsərlərin zəruri və ayrılmaz hissəsinə çevriləcək, məhz insanların iştirakı hər bir layihəyə xüsusi inkişaf gedişatı bəxş edəcək.

Festivalda iştirak edəcək rəssamlar material, mövzu və iştirak üslubunu sərbəst şəkildə seçə biləcək. Bəzi rəssamlar çox güman ki, fərdi kurator layihələrini təqdim etmək niyyətini bildirəcək, digərləri isə musiqi əsasına söykənən layihələr yaratmağa maraq göstərəcək.

Bizim üçün festivalın keçirilməsi ilə bağlı əsas prinsip layihənin interaktivliyidir; layihənin interaktivliyi dedikdə tamaşaçının hadisələrin inkişafına təsir etmək iqtidarında olması, yaradıcılığın isə nəinki rəssamın ilhamından və təxəyyülündən, həmçinin onun ətrafında olan insanlardan və mühitdən asılı olması ilə bağlı vəziyyəti nəzərdə tutulur.

Bundan başqa, festivalda iştirak üçün nəzərdə tutulan 10 layihədən 5-i xarici iştirakçıların təqdim etdiyi ərizələr əsasında seçiləcək. Bu da növbəti festivalı fərqləndirən bir ünsürdür; həyata keçiriləcək layihə artıq regional səviyyədə təşkil olunmaqdadır.

Layihədə iştirak etmək istəyənlər aşağıda qeyd olunan tələblərə uyğun olmalıdır: peşakar sərgilərdə iştirak təcrübəsi və yaradıcı nailiyyətləri olan, aktiv fəaliyyətdə olan rəssam və yaxud incəsənətlə bağlı ali təhsil müəssisənin tələbəsi olmalıdır (yaşı 20-dan aşağı olmamaq şərti ilə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti