...

Gəncədə Məhsəti Gəncəvinin abidəsi ucaldılacaq

Mədəniyyət Materials 3 Aprel 2013 16:01 (UTC +04:00)
Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür.
Gəncədə Məhsəti Gəncəvinin abidəsi ucaldılacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yubileyə hazırlıq Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda müzakirə olunub. Bildirilib ki, yubiley tədbirlərində qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Bu yaxınlarda şairənin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanan miniatür, illüstrasiya və rübailəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə əldə olunub.

Məhsəti Gəncəvinin rübailəri əsasında çəkilmiş 110-a yaxın miniatür və illüstrasiyalar toplu halında çapa hazırlanıb. Bundan əlavə, məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyasının Azərbaycan dilinə tərcüməsinə başlanılıb.

"Məhsəti Gəncəvi tədqiqatçıların gözü ilə" və "Məhsəti Gəncəvinin musiqi dünyası" kitabları çapa hazırlanıb. Yubiley günlərinədək Məhsəti Gəncəvi Muzeyinin və Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzinin inşası başa çatdırılacaq, şəhərdə şairənin abidəsi ucaldılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti