...

Bir qrup xarici kino şirkətinin nümayəndəsi müştərək filmlərin çəkilişi üçün Bakıya gələcək

Mədəniyyət Materials 24 May 2013 17:12 (UTC +04:00)
Sentyabrda bir qrup xarici kino şirkətinin nümayəndəsi müştərək filmlərin çəkilişi ilə bağlı müzakirə aparmaq üçün Bakıya gələcək. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.
Bir qrup xarici kino şirkətinin nümayəndəsi müştərək filmlərin çəkilişi üçün Bakıya gələcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Sentyabrda bir qrup xarici kino şirkətinin nümayəndəsi müştərək filmlərin çəkilişi ilə bağlı müzakirə aparmaq üçün Bakıya gələcək. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Xatırladaq ki, Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçirilir. Mayın 15-də başlayan kino bayramı çərçivəsində Kannın məşhur Kruazet xiyabanındakı festival şəhərciyində Azərbaycan pavilyonu da açılıb.

Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslərin daxil olduğu nümayəndə heyəti təmsil edib. Pavilyonumuzu ziyarət edən qonaqlara filmlərimizin əks olunduğu videoçarxlar, ölkəmizin turizm imkanları haqqına bukletlər, reklam açıqcaları təqdim olunub. Nümayəndə heyətinin üzvləri müxtəlif ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparıblar.

Artıq Bakıya qayıdan "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov festival günlərində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirdiyini bildirib: "Festivala getməzdən əvvəl artıq 30-a yaxın şirkətlə danışıqlar aparmışdıq. Orada keçirdiyimiz görüşlərdə çəkilən filmlərin Avropada yayımlanması, hazır vəziyyətdə olan filmlərin reproduksiyası barədə müzakirələrimiz oldu. Bununla yanaşı, "Azərbaycanfilm" kinostudiyasının qurulmasında qabaqcıl şirkətlərin təcrübəsindən yararlanmaq və onlarla yaradıcılıq əlaqəsi kimi məsələlər barədə də fikir mübadiləsi apardıq".

Müzakirələrin səmərəli keçdiyini vurğulayan Müşfiq Hətəmov 2014-cü ilin Azərbaycan kinosunda müştərək filmlərin çəkilməsi üçün əlamətdar il olacağını deyib: "Müştərək layihələr barədə ilkin razılaşmalar var. Maraqlarımız üst-üstə düşsə, bir neçə şirkətlə işləyəcəyik. Bu da təbii ki, özünü Azərbaycan kinosunun inkişafında göstərəcək".

Kinostudiyanın direktoru danışıqlar aparılan şirkətlərlə hələlik müqavilə imzalamadıqlarından onların adlarını çəkməsə də, artıq sentyabr ayında 10-dək xarici şirkətin nümayəndəsinin Azərbaycana gələcəyini deyib: "Müştərək çəkiləcək filmlərin mövzuları bizim kinorejissorlarla müzakirə olunduqdan sonra seçim ediləcək".

Müşfiq Hətəmov qeyd edib ki, gələn il artıq Azərbaycanın Kann festivalı ilə bağlı yeni hazırlıq planı olacaq və bu da növbəti illərdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək: "Bizim yaradıcı potensialımız zəif deyil. Sadəcə, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş kino haqqında Dövlət Proqramı nəzərdə tutulan bütün layihələri həyata keçirməyə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti