Azərbaycan, Bakı, 31 may /Trend, müxbir S.Əhmədova/
Mayın 31-də "Azərbaycanın müasir media məkanı" kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbirin fəxri qonağı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında vurğulayıb ki, Rusiyada yaşayan və işləyən azərbaycanlılar hər zaman çalışırlar ki, öz vətənləri ilə əlaqəni itirməsinlər və gördükləri işlərlə diaspor olduqlarını təsdiqləsinlər.
Rusiyanın Azərbycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib. Səfir vurğulayıb ki, sözügedən kitab Azərbaycan jurnalistləri, Rusiya tədqiqatçıları və Azərbaycan diasporunun nümayəndələrini bir yerə toplayıb.
Kitaba gəldikdə isə gənc Azərbaycan jurnalistləri tərəfindən yazılan və rus dilində kütləvi tirajla çap olunan "Azərbaycanın müasir media məkanı" adlı nəşrdə ilk dəfə olaraq respublika mediası, onun inkişaf perspektivləri, problemləri və spesifik xüsusiyyətləri haqqında ən əsas məlumatlar toplanılıb.
Qeyd edək ki, nəşrin bütün 8 bölməsi göstərir ki, postsovet məkanının digər dövlətlərində olduğu kimi, Azərbaycan üçün də identiklik problemi vacid məsələdir.
Xatırladaq ki, kitab Rusiya Federasiyasının əməkdar inşaatçısı, Moskva vilayətinin Domodedovo şəhəri Dumasının millət vəkili Əlizaman Rəhimovun dəstəyi ilə nəşr edilib. Kitabın ön söz bölməsində Əlizaman Rəhimov Rusiya və Azərbaycan arasında birgə humanitar layihələrin vacibliyini qeyd edib.
Kitabın nəşri və kompleks təqdiqatlaın aparılması işinin təşkili istiqamətində Moskva Dövlət Linqvistika Universitetinin "Ali Jurnalistika sənəti" kafedrasının rəhbərliyinin və professorların böyük xidməti var.