...

Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun "Əmir Teymur" kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 1 Oktyabr 2013 23:44 (UTC +04:00)
Bu gün Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun özbək dilinə tərcümə edilmiş "Əmir Teymur" kitabının təqdimat mərasimi keçirilib.
Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun "Əmir Teymur" kitabının təqdimatı olub (FOTO)

Özbəkistan, Daşkənd, 1 oktyabr /Trend, müxbir D.Əzizov/

Bu gün Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun özbək dilinə tərcümə edilmiş "Əmir Teymur" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Özbəkistan ziyalıları, elm adamları, tələbələr və jurnalistlər iştirak ediblər.

Kitaba yazıçının Teymurləng haqqında iki romanı - "Zirvəyə doğru" və "Dünyanın hakimi" daxildir.

Kitabı özbək dilinə Özbəkistan oxucusunu Azərbaycan yazıçılarının bir çox əsərləri ilə tanış edən tanış edən tanınmış özbək yazıçı Usman Kuçkar tərcümə edib. Onun tərcümə yaradıcılığına Hüseyn Cavidin "Topal Teymur", "Şeyx Sənan", "Siyavuş" pyesləri, Yusif Səmədoğlunun "Qətl günü" romanı və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsində" əsəri də var.

Mərasimdə çıxış edən filologiya elmləri namizədləri Sulton-Murod Olim, Gülbahor Aşurova, Zuhritdin Sayfitdinov, şərqşünas Qulom Kərimli, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Şuhrat Rzayev, Özbəkistanın əməkdar artisti Tursun Karabayev və "Darakçi" qəzetinin baş redaktoru Rüstəm Cabbarov ənənəvi Azərbaycan-Özbəkistan mədəni və ədəbi əlaqələri, Əmir Teymurun şəxsiyyəti, onun dünya tarixində rolu barədə danışıblar.

Natiqlər qeyd ediblər ki, Yunus Oğuzun kitabının özbək dilində buraxılışı Özbəkistan-Azərbaycan mədəni əlaqələrində nəzərəçarpacaq mərhələdir. "Zirvəyə doğru" və "Dünyanın hakimi" romanları Əmir Teymur haqqında yazılan əsərlərin bir çoxundan əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, kitabda böyük sərkərdənin obrazı həm ədəbi, həm tarixi, həm də psixoloji baxımdan daha aydın, canlı və maraqlı təqdim edilir.

Y.Oğuz çıxışında deyib: "Mənə Əmir Teymuru psixoloji nöqteyi-nəzərdən göstərmək daha maraqlı idi. Belə ki, onun şəxsiyyəti hələ tam öyrənilməyib. Mən istədim ki, oxucular Əmir Teymuru təkcə böyük sərkərdə və "dünyanın hakimi" deyil, eyni zamanda, dərin ağıla, böyük iradəyə, ziddiyyətli xarakterə, güclü sevgi və nifrət hissinə malik şəxsiyyət kimi görsünlər".

Təqdimatdan sonra tədbir iştirakçıları Özbəkistanda artıq bestseller olan kitabın müəllifindən avtoqraf alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti