...

Belarus Prezident Orkestrinin baş dirijoru Viktor Babarıkin: Bakı bir musiqiçi kimi məni ruhlandırır (MÜSAHİBƏ) (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2014 19:04 (UTC +04:00)
Bakıda Heydər Əliyev Mərkəzinin səhnəsində Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri və baş dirijoru Viktor Babarıkinin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin məşqləri keçirilib.
Belarus Prezident Orkestrinin baş dirijoru Viktor Babarıkin: Bakı bir musiqiçi kimi məni ruhlandırır (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir V.İmanov/

Bakıda Heydər Əliyev Mərkəzinin səhnəsində Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri və baş dirijoru Viktor Babarıkinin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin məşqləri keçirilib.

Bu gün İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina orkestrin müşayiəti ilə Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək. A.Safinanın Bakıda konserti ilk dəfə keçiriləcək. İki saatlıq proqramda müğənni "Incanto", "Memories", "Luna", "Besame Mucho", "La Nave Va", "Al Di La" və digər məşhur mahnılarını ifa edəcək.

V.Babarıkin konsertdən öncə Trend-in suallarını cavablandırıb.

- Bakıya xoş gəlmisiniz! Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusilə də incəsənət sahəsində sıx əlaqələr var. Məsələn, 2013-cü ildə Azərbaycanda Belarus mədəniyyəti günləri keçirildi. 2012-ci ildə isə Belarusda Azərbaycan mədəniyyəti günləri keçirilmişdi. Bu yaxınlarda Bakıda Azərbaycan və Belarus kinematoqrafçılarının birgə istehsalı olan "Babu" filminin təqdimatı oldu. Belarus Dövlət Akademik Musiqi Teatrında isə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin ilk tamaşası oldu...

- Bizim gözəl münasibətlərimiz var və bu onunla əlaqədardır ki, azərbaycanlılar və belaruslar çox yaradıcı və istetadlıdırlar, belə xalqlar isə bir-birindən aralı yaşaya bilməz. Buna görə də biz həmişə görüşür, söhbət edir və müxtəlif layihələr həyata keçiririk. Mən bu gün Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə görüşdüm və o sizin ölkəniz haqqında çox xoş sözlər dedi.

- Zəhmət olmasa, Bakıya səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Bu, Bakıya ilk səfərimdir və mən Azərbaycan paytaxtının gözəlliyindən, onun olduqca təmiz küçələrindən son dərəcədə təsirləndim. Burada gecələr çox işıqlı olur, bu gün isə konsertdən öncə gözəl hava var. Bakının müasir binaları və qədim memarlığı bir musiqiçi kimi məni ruhlandırır. Əlbəttə ki, sizin gözəl milli mətbəxinizi qeyd etmək lazımdır. Dolma, konyak və qırmızı şərab, ət və balqabaq qutabı çox xoşuma gəldi.

- Azərbaycan mədəniyyəti və incəsənəti haqqında nə bilirsiniz?

- Sizin qədim tarix, mədəniyyət və incəsənətiniz var. Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edərkən və Aleksandr Lukaşenko ilə görüşərkən rəhbərlik etdiyim Belarus Respublikası Prezident Orkestri Azərbaycan müəlliflərinin iki kompozisiyasını ifa etdi. Mən sizin dirijor Eyyub Quliyev və atası, tar ifaçısı Ramiz Quliyevi yaxşı tanıyıram. Onlarla 2011-ci ildə Moldovada 45-ci Beynəlxalq "Mertsişor" Bahar və Musiqi festivalında tanış olmuşam. Gözəl musiqiçilərdir!

Sizin gözəl simfonik orkestriniz var. Bu orkestrlə cəmi iki dəfə məşq keçməyimə baxmayaraq, musiqiçilərinizin peşəkarlığı çox xoşuma gəldi. Çox istedadlı ifaçılardır.

- Dünya ulduzu Alessandro Safinanın Heydər Əliyev Mərkəzində verəcəyi konsertdən nə gözləyirsiniz?

- Alessandro Safinanın gəlişi istənilən şəhər üçün unikal hadisədir. Fikrimcə, insanlar bu gözəl tenoru və sizin orkestrin ifasını dinləməkdən böyük zövq alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti