...

Bakıda Mədəniyyət Evinin açılışı olub (FOTO)

Mədəniyyət Materials 13 Mart 2014 17:02 (UTC +04:00)
Bu gün Ruhulla Axundov adına Mədəniyyət Evinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Bakıda Mədəniyyət Evinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün Ruhulla Axundov adına Mədəniyyət Evinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən binanın yenidən qurulması Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Xəzər rayonundan millət vəkili Rauf Əliyev açılışı bildirən rəmzi qırmızı lenti kəsdilər.

Mərasimdə çıxış edən S.Məmmədəliyeva Bakı şəhərində və onun qəsəbələrində bir çox musiqi və incəsənət məktəblərinin, mədəniyyət obyektlərinin yenidən qurularaq istifadəyə verildiyini diqqətə çatdırıb: "Son dövrlər ölkəmizdə sürətlə həyata keçirilən quruculuq, abadlıq işləri Bakı şəhərinin qəsəbələrində də yüksək səviyyədə davam etdirilir. Yaradılan yeni mədəniyyət, tədris ocaqları mədəniyyətin, elmin, təhsilin inkişafını, əhalinin rahatlığını təmin edir".

R.Əliyev bildirib ki, Buzovna qəsəbəsində infrastruktur təminatının yaxşılaşdırılması, səhiyyə, təhsil, mədəniyyət obyektlərinin təmir-bərpa işləri görülür.

O, qeyd edib ki, yaxın zamanlarda müasir tipli idman kompleksi də qəsəbə sakinlərinin ixtiyarına veriləcək: "Əvvəl bu mədəniyyət evinin binası tamamilə yararsız vəziyyətdə idi. Amma bu gün yüksək səviyyədə təmir edilərək istifadəyə verilir. Çox sevindirici haldır ki, qəsəbə sakinlərinin bir problemi də aradan qaldırılmış oldu".

Çıxış edən digər qonaqlar da yaradılmış şəraitdən razılıqlarını bildirərək yenidən qurulmuş binanın qəsəbəyə gözəllik verdiyini, burada iş üçün gözəl şərait yaradıldığını vurğulayıblar.

Sonda Mədəniyyət Evi kollektivinin iştirakı ilə konsert proqramı təqdim edilib, musiqilər, müxtəlif milli rəqs nümunələri ifa olunub.

Qeyd edək ki, Ruhulla Axundov adına Buzovna qəsəbə Mədəniyyət Evinin binası 1895-ci ildə tikilib. 1925-ci ildən burada Mədəniyyət Evi fəaliyyət göstərir. 2012-ci ildən təmir-bərpa işlərinə başlanılaraq bina tamamilə yenidən qurulub. Yenilənmiş mədəniyyət ocağında müxtəlif rəqs dərnəkləri, rəsm qalereyası fəaliyyət göstərəcək. 1000 kvadratmetrdən artıq sahəsi olan binada rəqs, dərnək, rəsm, qrim, konfrans otaqları, böyük tamaşaçı zalı var. Mədəniyyət Evinin yeni binasının istifadəyə verilməsi qəsəbə sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün gözəl töhfədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti