...

Azərbaycan və Vyetnam arasında mədəniyyət sahəsində əməkdaşlıq sənədləri imzalanıb

Mədəniyyət Materials 2 İyul 2014 16:48 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Vyetnam arasında mədəniyyət sahəsində əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycan, Bakı, 2 iyul /Trend

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir bu ilin may ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasında səfərdə olduğunu xatırladıb. Qeyd olunub ki, bu, Azərbaycan-Vyentam münasibətləri tarixində ilk belə yüksək səviyyəli səfər idi. Səfər zamanı ölkələrimiz arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

Nazir sözügedən səfərdən sonra Vyetnam nümayəndə heyətinin ölkəmizə gəlməsindən məmnunluğunu bildirib: "Şadam ki, Vyetnamdakı həmin görüşlərin davamı, qarşılılıqlı əlaqələrin genişləndirilməsi üçün ilk olaraq ölkəmizə Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri gəlib".

İki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq sənədlərinin hazırlandığını diqqətə çatdıran Ə.Qarayev qeyd edib ki, sənədlər ikitərəfli əlaqələrin istiqamətini müəyyənləşdirəcək: "Bu sənədlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi ilə imzalanacaq. Vyetnam nümayəndə heyətinin ölkəmizə səfəri dostluq və əməkdaşlıq sahəsində mühüm addımdır. Bu əlaqələrin gücləndirilməsində fəallıq göstərən iki ölkənin səfirliklərinə də təşəkkürümü bildirirəm. Bizim əməkdaşlıq, mədəni mübadilə, təcrübələrimizi bölüşmək üçün ümumi mövqelərimiz vardır. Müasir mədəni qloballaşma dövründə bu cür əlaqələrin inkişafı çox vacibdir".

Nazir həmçinin qeyd edib ki, qonaqlar paytaxt Bakıdan savayı regionlara da səfər edəcək, ölkəmizlə yaxından tanış olacaqlar.

Vyetnam Sosialist Respublikasının mədəniyyət, idman və turizm naziri H.T.Anh səmimi qarşılanmaya görə Ə.Qarayevə təşəkkürünü bildirib, xalqlarımız arasında dostluğun bundan sonra da davamlı olacağını vurğulayıb. Prezident İlham Əliyevin rəsmi səfərinin ölkəsində unudulmaz təəssürat yaratdığını vurğulayan nazir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Vyetnamla əlaqələrə böyük önəm verdiyini, bu ölkəyə göstərdiyi köməyi xatırlayaraq Vyetnam xalqının bunu heç vaxt unutmayacağını deyib.

Görüşdə Azərbaycan-Vyetnam əlaqələrinin perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonra iki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanıb. Sənədləri Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev və Vyetnamın mədəniyyət, idman və turizm naziri H.T.Anh imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti