...

Londonda azərbaycanlı tarixçinin kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2014 14:32 (UTC +04:00)
Londonda, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Open Central Asia” ədəbiyyat müsabiqəsinin qalibi, azərbaycanlı tarixçi Zaur Həsənovun “Dağların adamı” (“Man of the Mountains”) kitabının təqdimatı keçirilib.
Londonda azərbaycanlı tarixçinin kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Londonda, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Open Central Asia" ədəbiyyat müsabiqəsinin qalibi, azərbaycanlı tarixçi Zaur Həsənovun "Dağların adamı" ("Man of the Mountains") kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, 44 fəsildən ibarət kitab Azərbaycan neft sənayesi də daxil olmaqla, Qafqazın ümumi tarixindən bəhs edir. Kitabda tarixi hadisələr XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin Böyük İsgəndərə ithaf etdiyi "İsgəndərnamə" əsəri ilə də əlaqələndirilib.

Mərasimdə səfirliyin müşaviri Vüsal Abdullayev kitabın ingilis dilində nəşr edilməsinin əhəmiyyətindən danışıb. O, tariximizin və ədəbiyyatımızın Britaniyada təbliği baxımından vacib olduğunu vurğulayıb. V.Abdullayev nəşrin ərsəyə gətirilməsində kömək göstərənlərə minnətdarlığını bildirib.

"Silk Road" media şirkəti və "Hertfordshire Press" nəşriyyatının direktoru Marat Əhmədcanov təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Azərbaycanın və Qafqazın tarixindən bəhs edən belə bir maraqlı kitabın nəşrində iştirak etməkdən məmnun olduqlarını dilə gətirib.

Müəllif Z.Həsənov kitabın yazılması və nəşri haqqında məlumat verib, əsəri ərsəyə gətirərkən Nizami, Füzuli kimi dahi Azərbaycan şairlərinin əsərlərindən də ilham aldığını qeyd edib. Xüsusilə Qafqazın və Azərbaycanın tarixindən yazan gənc yazıçıların və tədqiqatçıların ölkəmizin dahi şairlərinin əsərlərinə müraciət edə biləcəklərini diqqətə çatdırıb.

Kitabın tərcüməçisi xanım Karolin Valton bu əsəri ingilis dilinə çevirərkən, Qafqazın tarixi və Azərbaycan həqiqətləri ilə də yaxından tanış olduğunu bildirib. O qeyd edib ki, kitabın ingilis dilində nəşr edilməsi və dahi Azərbaycan şairlərinin əsərləri ilə əlaqəli olması Qərb ictimaiyyətinin diqqətini cəlb edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti