Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/
Finlandiyanın Helsinki şəhərində bu ölkədə yaşayan azərbaycanlı rəssam Çingiz Abbasovun rəsm əsərlərindən ibarət kitab-albomun təqdimatı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Finlandiyada 10 ildən artıqdır fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin təşkil etdiyi təqdimat mərasimində Finlandiyanın bir sıra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Yüz iki rəsm əsərinin yer aldığı kitab-albom ABŞ-da nəşr edilib. Kitab Xəzər dənizi, Xəzərin sahilində Bakının qədim və dinamik inkişaf edən bir şəhər kimi təsvirlərindən ibarətdir. Albom Finlandiya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Ç.Abbasov Azərbaycan incəsənətini dünyada tanıdan müasir rəssamlarımızdan biridir. Rəssam öz əsərlərini ilk dəfə 1990-cı illərdə Finlandiyada sərgiləyib, daha sonra isə Avropanın digər ölkələrində nümayiş etdirib. O, 1990-cı illərdən etibarən Azərbaycan Qəbələ Beynəlxalq İncəsənət Sərgisi, Nyu Yorkda "Artekspo" və "İtaliya Florence Biennalesi" kimi dünyanın bir çox beynəlxalq sərgilərində iştirak edib. Rəssamın əsərlərinə Finlandiyanın dövlət başçısının, "Reinhold Würth", o cümlədən dünyanın bir çox özəl və dövlət rəsm kolleksiyalarında rast gəlinir.