...

YARAT "Şirin Neşat: Gözlərimin Evi" sərgisini təqdim edəcək

Mədəniyyət Materials 6 Fevral 2015 15:25 (UTC +04:00)
24 mart 2015-ci il tarixində Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin Evi” sərgisi təqdim ediləcək.
YARAT "Şirin Neşat: Gözlərimin Evi" sərgisini təqdim edəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend/

24 mart 2015-ci il tarixində Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində "Şirin Neşat: Gözlərimin Evi" sərgisi təqdim ediləcək.

Sərginin diqqət mərkəzində - Azərbaycan səfəri zamanı rəssamın ərsəyə gətirdiyi yeni əsərlərdir. Sərgidə Şirin Neşatın əvvəlki işlərindən də ikisi nümayiş etdiriləcək. Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş "Monoloq" (1999) və "Keçid" (2001) video-instalyasiyalarıdır. Sərginin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin edib.

Sərgi 23 iyun 2015-ci il tarixinədək davam edəcək.

Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da sərgilənəcək. Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən rəssamların da əsərlərini görmək olacaq. YARAT-ın kolleksiyasına gəlincə isə o, son üç il ərzində toplanıb və bundan sonra da artırılacaq - ələlxüsus, YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni-yeni sərgilərin özəl sifarişləri sayəsində.

Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, "şəxsiyyət" anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas olan ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir. Son vaxtlar Şirin Neşat özünün fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verilir. Şirin Neşat, portretdən süzgəc kimi istifadə edərək, şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır - sanki, əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini "oxumaq" olur.

Şirin Neşatın "Gözlərimin Evi" (2015) adlı foto-silsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlmişdir. 2014-cü ildə Azərbaycanda olarkən, Şirin Neşat 50-dən çox adamın foto-portretini çəkmişdi. Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı ikidən səksənə qədər olmuşdu. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verirdi. Cavablar xəttatlıq üsuluyla hərənin öz portreti üzərinə yazıldı.

Şirin Neşat öz fikrini belə anladır: "Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət olan bu silsilə Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etdiyim insan palitrasıdır."

"Gözlərimin Evi" silsiləsi elə monumental bir instalyasiya olmuşdur ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamam tutmuşdular.

YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgiləmə yeridir, hərçənd, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihə həyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2 təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra, indi o, YARAT-a məxsusdur və müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır. Tədris-təlim işi, ümumiyyətlə, YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən sahədir. Təşkilatın xüsusi tədris proqramı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını hədəfə alır - tələbə rəssamlardan tutmuş ailələrə kimi. Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayırılmışdır.

YARAT haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təbliğ və təmsil olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 80-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, müsabiqələrdən ibarətdir, 2014-cü ildə isə yay məktəbi də təşkil olunmuşdu. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) sənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır. 2012-ci ildə YARAT tərəfindən kommersiya-əsaslı YAY qalereyası təsis edilmişdir. Hər bir əsərin satışından burada əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür.

YARAT Bakıda, iki Pablik Art festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə, 55-ci Venesiya Biennalesində sənətkarlarımızın iştirakını təmin edən tədbirlərinin həyata keçirməsini və beynəlxalq Art Dubai incəsənət yarmarkasında qeyri-kommersiya təşkilatı kimi iştirak etməyini qeyd etmək kifayətdir.

Təşkilat böyüməkdə davam edir. 2014-cü ildə YARAT-ın yeni bir binası istifadəyə verilmişdi. Bu binada rəssam emalatxanaları, eləcə də "art-rezident" proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılır. YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz Qafqaz, Orta Asiya və qonşu ölkələri əhatə etməklə müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq olacaq. YARAT-ın proqramları təşkilatın təsisçisi və bədii rəhbəri Aida Mahmudova, icraçı direktoru Fərid Abdullayev və mərkəzin kurator-direktoru Suad Qarayeva tərəfindən tərtib və təşkil olunurlar.

Şirin Neşat haqqında

İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların müəllifi kimi şöhrət qazanmış sənətkardır. O, tez-tez öz əsərlərində cəmiyyətin sosial, mədəni və dini kodlarına, müəyyən qarşıdurmaların necə dəyişilməsinə müraciət edir - açıq ilə tünd, ağ ilə qara, kişi ilə qadın motivlərinin bir-birinin gözəçarpan əksini təşkil etdiklərini nümayiş etdirir.

Şirin Neşat xaricdə təhsil almaq üçün 1974-cü ildə İranı tərk edib, bir də vətəninə 1990-cı ildə səfər etmişdi. Onun bu səfəri bütün gələcək yaradıcılığına güclü təsir göstərdi, sənətində novator olmağı üçün ona ilham verdi. 1993-1997-ci illərdə ərsəyə gətirdiyi "Allahın qadınları" ağ-qara fotolar silsiləsinində Şirin Neşat əsərlərindəki qəhrəmanların əl-üzünə xəttalıq üslubunda fars yazılarını düzərək öz novatorluğunu nümayiş etdirmişdi. 1999-cu ildə "Coşqun" (Turbulent) adlı filminə görə Venesiya Biennalesinin beynəlxalq mükafatını qazandığından sonra ona dünya şöhrəti gəldi. 2000-ci ildə Londondakı Serpentine qalereyasında Şirin Neşatın fərdi sərgisi keçirildi. Şirin Neşat bir çox mükafatlara layiq görülmüşdü, o cümlədən 2014-cü ildə Davosda Dünya Biznes Forumunun Büllur prizi, 2000-ci ildə Koreya Biennalesində Qran-pri, 2008-ci ildə "Kişilərsiz qadınlar" adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının "Ən yaxşı rejissor işi" nominasiyasında Gümüş Şir mükafatı ona təqdim edilmişdi.

Şirin Neşatın fərdi və qrup içində sərgiləri dünyanın ən nüfuzlu sənət ocaqlarında nümayiş etdirilib, o cümlədən: Detroytdakı Institute of Arts (2013), Tokiodakı Mori Art Museum (2013), Yorkshire Sculpture Park (2011), Amsterdamdakı Stedelijk Museum (2006), Minneapolisdəki Walker Art Center (2002), Afinadakı Milli Müasir İncəsənət Muzeyində (2001), Vyanadakı Kunsthalle Wien (2000) və Nyu-Yorkdakı Whitney Amerika İncəsənəti Muzeyində (1998). Şirin Neşat nüfuzlu biennalelərin iştirakçısıdır, bunlardan Venesiya, Sidney, Yohannesburq, İstanbul, Whitney biennale sərgilərinin adını çəkmək lazımdır. Bunlardan əlavə, o, Çikaqo Beynəlxalq Kino Festivalı, San-Fransisko Kino Festivalı və Tribeca kimi məşhur kino festivallarında da iştirak etmişdir.

Şirin Neşat Nyu-Yorkda yaşayıb çalışır.

Dina Nasser-Xadivi haqqında

Dina Nasser-Xadivi sənətşünas olaraq, Orta Asiya, İran və bəzi Qafqaz bölgələrinin müasir incəsənəti üzrə ixtisaslaşan müstəqil kurator və məsləhətçidir. Peşəsinə Christie's-də, ХIX-XX əsrlərin Şərq incəsənəti üzrə mütəxəssis kimi qədəm qoyub, 2006-cı ildə Yaxın Şərq və İranın müasir incəsənəti sahəsində çalışmağa başladı - həmin ölkələrin sənətkarları üçün qlobal səhnəyə çıxmaq imkanı yaradan təşkili platformanı qurmaqla məşğul oldu. Bu məqsədlə Dina müxtəlif informasiya təşəbbüsləri ilə çıxış etdi. Məsəlçün, onun hazırladığı "İranın aktual və müasir incəsənəti aləminə giriş" mövzusunda təqdimat simpoziumu 2010-cu ildə Nyu-Yorkun Guggenheim muzeyində, Hyuston İncəsənət Muzeyində və Los-Anceles Müasir İncəsənət Muzeyində keçirilmişdi. 2013-cü ildə o, Azərbaycan, İran, Gürcüstan, Türkiyə və Rusiyanı təmsil edən 17 rəssamın iştirakı ilə hazırlanaraq 55-ci Venesiya Biennalesində təqdim olunan "Sevir - Sevmir" (Love Me, Love Me Not) sərgisinin kuratoru olmuşdu. Sonra həmin sərgi 2014-cü ildə Bakıya gətirilərək, memarı Zaha Hadid olan Heydər Əliyev Mərkəzində nümayiş etdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti