Azərbaycan, Bakı, 13 fevral /Trend/
Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf 14-15 martda Heydər Əliyev adına sarayda "Sarı gəlin" adlı solo konsertlə çıxış edəcək. Bu barədə Trend-ə konsertin təşkilatçıları "KEvents group" bildirib.
Sami Yusuf - dünyanın ən məşhur naşid ifaçılarından biridir, BMT-nin aclıqla mübarizədə səfiridir. Sami Yusuf albom satışlarının sayına görə ikinci, YouTube-da kliplərin baxışı sayına görə isə birinci müğənnidir.
1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub.
Bakıda ilk dəfə 2006-cı ildə çıxış edib. Müğənni konsertdən ona gələn gəlirdən imtina edib jurnalistlərə müsahibəsində qeyd edtmişdi ki, Tehranda anadan olmasına baxmayaraq öz köklərini yaddan çıxartmır.
Müğənni həm də qeyd edib ki, azərbaycan muğamını çox sevir və ifa etməyi öyrənir. Onun repertuarına "Sarı Gəlin", "Ayrılıq", "Küçələrə su səpmişəm", "Sənə də qalmaz" və s. mahnılar aiddir.
(Müəllif - Vüqar İmanov )