...

İsveçrəli gitaraçıdan ustad dərsi (FOTO)

Mədəniyyət Materials 20 Aprel 2015 20:37 (UTC +04:00)
Aprelin 20-də start verilən Qara Qarayev VI Beynəlxalq Müasir Musiqi Festivalının zəngin tədbirlər proqramı var.
İsveçrəli gitaraçıdan ustad dərsi (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Aprelin 20-də start verilən Qara Qarayev VI Beynəlxalq Müasir Musiqi Festivalının zəngin tədbirlər proqramı var.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival çərçivəsində ilk olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçib. Bakının musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirak etdiyi tədbir maraqlı anlarla yadda qalıb.

İsveçrə Milli Konservatoriyasında dərs deyən, dünyanın müxtəlif ölkələrində mühazirə və ustad dərsləri keçən professor bildirib ki, Azərbaycan paytaxtında ilk dəfə 20 il əvvəl olub. Qonaq ötən müddətdə şəhərimizin inanılmaz dərəcədə dəyişdiyini və burada gördüklərindən olduqca təsirləndiyini deyib: "20 il əvvəl Moskvada böyük konsert verdikdən sonra yorğunluq içində Bakıya gəldiyimiz zaman buradakı qonaqpərvərlik, xoş qarşılama bizi heyran etmişdi. Bu gün isə Tokiodan şəhərinizə gəlmişəm. İnanmazdım ki, belə bir dəyişikliklə rastlaşacağam. Bakı əvvəllər də gözəl idi, amma indi büsbütün dəyişib. Dəyişməyən isə insanların səmimiyyəti və qonaqpərvərliyidir".

Qara Qarayev festivalında ilk dəfə iştirak etdiyini deyən K.Jaggin Azərbaycan musiqisi ilə bağlı fikirlərini də bölüşüb: "Düzü, o vaxtlar Azərbaycan musiqisi haqqında elə bir məlumatım yox idi. Bəstəkar Fərəc Qarayevlə dostluğum, sizin bəstəkarlardan ilk olaraq Avropada Firəngiz Əlizadənin əsərini dinləməyim Azərbaycan müasir musiqisinə marağımı artırdı. Fərəc Qarayevin musiqisində Avropa məktəbinin təsiri hiss olunur. Bütün musiqilər bir-birindən, təbii ki, seçilir. Sizin müəlliflərin yaradıcılığında Şərq ornamentləri, ənənələri istər-istəməz diqqət çəkir. Hazırda azərbaycanlı bəstəkarlarla işbirliyim var və bundan məmnunam".

Qonaq bildirib ki, fəaliyyətinin əsas hissəsini konsertlər təşkil edir: "Dünyanın müxtəlif ölkələrində konsertlərim olur. Bundan əlavə, dəvət aldığım festivallarda ustad dərsləri və mühazirələrlə çıxış edirəm. Hazırda İsveç musiqisi sahəsi üzrə tədqiqat işi üzərində çalışıram".

Kristof Jaggin ustad dərsi zamanı auditoriya ilə səmimi şəraitdə fikir mübadiləsi aparaq gənclərə ifaçılığın imkanlarını, səhnə mədəniyyəti, musiqi aləti ilə sərbəst davranış qaydaları barədə danışıb. Gənclərlə bərabər müəllimlərin də qatıldığı ustad dərsi Avropa musiqisi və Azərbaycan bəstəkarlıq məktəbi, dünya musiqisində baş verən yeniliklər haqqında qarşılıqlı müzakirələrlə davam edib.

Qeyd edək ki, tanınmış gitaraçı aprelin 21-də Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında İsveçrə ansamblının ("Ensembleécoute") heyətində konsert proqramı ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti