Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın islami irşad və mədəniyyət nazirinin müavini Əli Muradxani xalq artisti Habil Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən məlumatına görə, Ə.Muradxaninin Azərbaycan xalqına ünvanladığı başsağlığı məktubunda bildirilir: "Tanınmış kamança ifaçısı Habil Əliyevin ölüm xəbərini eşitdik. Habil Əliyev musiqi sahəsində öz yaradıcılığı ilə sənət dünyasında həmişə yaddaşlarda qalacaq. O öz dəyərli yaradıcılığı ilə dünyanın bir çox ölkələrində, o cümlədən İranda musiqi xadimləri, sənət ustaları və xalq tərəfindən sevilirdi. Habil Əliyev təkcə Azərbaycanda deyil, həm də İranda hörmətli və sevilən bir sənət adamı kimi tanınırdı. Onun sənəti İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında və yaxınlaşmasında təsiredici rola malik idi. Mən bu dahi sənətkarın ölümünü bütün sənət aləminə, xüsusi ilə Azərbaycan xalqına böyük itki hesab edirəm. Bununla bağlı dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Qeyd edək ki, xalq artisti Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.