...

Nazirlik müsabiqənin qaliblərinə mükafat verdi (FOTO)

Mədəniyyət Materials 11 Sentyabr 2015 16:50 (UTC +04:00)
Bakı Biznes Mərkəzində “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Nazirlik müsabiqənin qaliblərinə mükafat verdi (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı Biznes Mərkəzində "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin bu sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların ölkəmizdə aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi, ekspert rəylərinin toplanması məqsədi daşıyır.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyada özünün tolerantlığı və mədəniyyətlərarası dialoqun inkişafında göstərdiyi xidmətləri ilə tanınır: "Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, "Bakı prosesi" dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət, anlayışlı əməkdaşlıq üzərində dialoqu təşviq edən qlobal, xoşməramlı missiyaya və platformaya çevrilmişdir. Aparılan məqsədyönlü işlər, habelə ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı nəticəsində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliği dövlət siyasətinin əsas tərkib hissələrindən biri səviyyəsinə yüksəlmişdir".

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof Ba çıxış edərək Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafında oynadığı xüsusi roldan geniş danışdılar. Bildirildi ki, mədəniyyətlərarası dialoqa göstərilən bu cür müsbət münasibət bir çox ölkələr üçün nümunə ola bilər.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Yusubəliyev qeyd etdi ki, bu tədbirin məhz 11 sentyabr tarixində keçirilməsi rəmzi məna daşıyır və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında tutduğu mövqeyinin bir mesaji kimi qəbul edilməlidir. Vurğulandı ki, tolerantlıq Azərbaycanda təkcə dövlət siyasəti deyil, bu həmçinin xalqımızın əsrlər boyu formalaşmış xarakteridir.

Daha sonra "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsinin qalibləri mükafatlandırıldı. Qeyd edək ki, müsabiqə 3 kateqoriyada (alimlər, tələbələr və kollektiv araşdırmalar) keçirilib.

"Alim və tədqiqatçılar" nominasiyasında birinci yerə Yusif Ağayev, ikinci yerə Niyaz Niftiyev, üçüncü yerə Əlimusa İbrahimov, Mehti Mükərrəm isə həvəsləndirici mükafata sahib oldu.

"Tələbələr" nominasiyasında I yerə Samirə Dadaşova, II yerə Nərmin Əsgərova, üçüncü yerə Yusif Ağayev, həvəsləndirici mükafata isə Fərid Abdullayev layiq görüldü.

"Kollektiv yazılar" nominasiyasında Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrası birinci, psixologiya üzrə elmlər doktoru Ramiz Əliyev və psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı ikinci oldular.

Qaliblərə diplom və pul mükafatları təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti