Bakı. Trend:
Fevralın 15-də İçərişəhərdəki Keramika Mərkəzində Azərbaycan İncəsənət Konsulluğunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Beynəlxalq duet: keramika üzrə simpozium" adlı yeni layihənin təqdimatı olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, simpozium keramika ustaları - azərbaycanlı Mirteymur Məmmədov və qazaxıstanlı Artyom Qorislavetsin iştirakı ilə keçirilir. Təqdimatda iştirak edən paytaxt sənətsevərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Tanınmış rəssam, keramika ustası və heykəltəraş M.Məmmədov İçərişəhərdəki yaşayıb-yaratdığı evini Keramika Mərkəzinə çevirib: "Tədbirin məqsədi keramika sahəsində təcrübə mübadiləsi aparmaq, bu sənəti ölkəmizdə daha da tanıtmaqdır. Layihə 18 gün davam edəcək. Hər ikimiz bu ayın sonuna qədər türk damğaları ilə bağlı 3-4 əsər yaratmalıyıq. Fevralın 28-də həmin əsərlərdən ibarət sərgi təşkil olunacaq".
Xatırladaq ki, simpozium Azərbaycan İncəsənət Konsulluğunun sayca ikinci tədbiridir. Duet-simpozimun ilk tədbiri M.Məmmədovun ötən il Qazaxıstana səfəri zamanı keçirilmişdi.