...

Nazir: III beynəlxalq turizm filmləri festivalı turizm potensialımızın daha geniş coğrafiyada tanıdılmasına təkan verir

Mədəniyyət Materials 2 İyun 2016 10:08 (UTC +04:00)
İyunun 1-də Nizami Kino Mərkəzində Bakı üçüncü beynəlxalq turizm filmləri festivalının açılışı olub.
Nazir: III beynəlxalq turizm filmləri festivalı turizm potensialımızın daha geniş coğrafiyada tanıdılmasına təkan verir

Bakı. Trend:

İyunun 1-də Nizami Kino Mərkəzində Bakı üçüncü beynəlxalq turizm filmləri festivalının açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında festivalın əhəmiyyətindən, təqdim olunan ekran əsərlərinin mahiyyətindən geniş söz açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir: "Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub".

Münsiflər heyətinin rəhbəri Azər Qərib qeyd edib ki, festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq.

Sonra festivalın təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə əvvəlki iki festivalın ən yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, festivalın keçirilməsi artıq yaxşı ənənəyə çevrilib. Artıq festivala böyük maraq yaranıb. Festivalın münsiflər heyətində tanınmış simalar yer alıb. Münsiflər çox işləməli və ən yaxşı ekran əsərlərinin üzə çıxarmalıdırlar.

Azərbaycanın turizm imkanlarından söz açana nazir bildirib ki, bu festival ölkəmizin turizm potensialının daha geniş coğrafiyada tanıdılmasına böyük təkan verir.

Sonra səhnəyə Bakı üçüncü beynəlxalq turizm filmləri festivalının münsiflər heyəti dəvət olunub.

Bildirilib ki, festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı, Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.

Festivalın keçirilməsinə əməyi olan hər kəsə minnətdarlığını bildirən Endre Florian belə tədbirlərin ölkələrin və xalların bir-birini daha yaxından tanımasına xidmət etdiyini söyləyib.

Açılış günü filmlər ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları (filmlər, videoçarxlar) kateqoriyaları üzrə təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivala iyunun 3-də yekun vurulacaq və hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.

Festivalın ən yaxşı filmi "Qran-pri"yə layiq görüləcək.

Qeyd edək ki, Bakı üçüncü beynəlxalq turizm filmləri festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti