...

Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 4 May 2017 19:42 (UTC +04:00)
Xalq artisti, görkəmli pianoçu, professor, respublikanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, görkəmli pianoçu, professor, respublikanın ilk pianoçu-pedaqoqu Kövkəb Səfərəliyevanın 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.

Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər.

Zemfira Qafarova çıxışında görkəmli sənətkarın həyat və yaradıçılığı haqqında geniş məlumat verib. Bildirib ki, Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında T.Quliyev “Lirik mahnı”, F.Əmirov “1001 gecə” baletindən “Mərcanənin rəqsi”, M. Maqomayev “Azərbaycan”, F.Nağıyev “Xatırlayasan məni”, N.Baklanova “Mazurka”, K.Sen-Sans “Qu quşu”, P.Çaykovski “Payız mahnısı”, R.Şuman “Romans”, S.Raxmaninov “İtalyan polkası”, F.Şopen “Polonez” kimi azərbaycan və avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Kövkəb Səfərəliyevanın qohumu Valid Səfərəliyev çıxış edərək, tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti