...

"Müasir incəsənət xalçalarda" sərgisi keçiriləcək

Mədəniyyət Materials 17 Oktyabr 2017 13:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Xalça Muzeyi 2017-ci ilin oktyabrında Bakıda keçiriləcək Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi layihəsi təşkil edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, burada 4 tanınmış gənc rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHİNGİZ və Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunacaq. Rəssamların hər biri son on ildə Azərbaycan incəsənətini xaricdə – xüsusilə də məşhur Venesiya Biennalesində iştirak edərək uğurla təmsil ediblər.

Hər bir rəssam sərgi üçün xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir. Onlar öz əsərlərində ənənəvi xalça nümunələrinin simvolikasının dərk edilməsini, ornament və onların adət edilmiş formalarının müasir üslubda transformasiyasını, hətta xalçanın utilitar əhəmiyyətinin genişlənməsini əks etdiriblər. Ancaq hər kəs bunu öz yaradıcılığına xarakterik olan yollarla şərh edir.

“Axan” xalçalar uzun müddətdir ki, F.Əhməd yaradıcılığının bir növ əsas vizit kartıdır. Sərgidə üzərində nefti xatırladan qara axının təsvir olunduğu belə xalçalardan biri ictimaiyyətə təqdim olunacaq. Rəssamın digər əsəri xovsuz xalça olan Qarabağ cecimindən yaradılmış ikinci emalın beynəlxalq nişanı “Universal Recycling Symbol”-nu (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən kompozisiyaya malikdir. Bu xalçanın verdiyi mesaj budur: Azərbaycan xalçalarının obraz və ornament sistemi çağdaş müəlliflərin gələcək yaradıcılıq axtarışları üçün əsasdır və bu da milli ənənələrin qorunmasının təminatıdır.

CHİNGİZ xüsusilə olaraq simpozium üçün toxuduğu F.Əhmədin əsərində ifadəsini tapdığı sanki ənənələrin yenidən işlənməsi ideyasına illüstrasiya olan xalçanı təqdim edir. Onun xalçası öz müasirliyi və nəfis sadəliyi ilə seçilir, burada lakonik forma bütünlüklə çoxtərəfli bir fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və yalnız biri ağ rəngdə olan zoomorf (quş) təsvirlər yer alır ki, bu da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm edir. Bu əsərin əsas ideyası hər şeyi, yəni – bəşəriyyətin yaradılışını, yaradıcı fikrin ortaya çıxmasını, ətraf mühiti canlandırmaq iqtidarına malik yaradıcı düşüncənin təsirini dəyişə bilən, zamanın və məkanın müəyyən bir nöqtəsini göstərməkdir. Bu ideya ilə bağlı şərhlər çox ola bilər, lakin hamısı yenilik və qeyri-adiliklə bağlıdır və bu baxımdan əsər müasir müəlliflərin əsərlərində yer alan milli xalçanın yaradıcı transformasiyasının mahiyyətini əks etdirir.

F.Rəsulov sərgi üçün interyerin divar və mebelindən tutmuş ən kiçik detalına kimi hər şey xalça ornamentləri ilə örtülmüş “Xalça otağı”nı tərtib edib. Beləliklə, hər kəs özünü yeganə, əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və ümumiyyətlə ölkə sənətinə böyük təsirini dəyərləndirə biləcək. F.Rəsulov öz instalyasiyası üçün Qarabağın Çələbi xalçasının ornament və kompozisiyasından yararlanıb.

B.Haqverdiyev də tamaşaçını xalçanın “içərisinə” buraxmaq qərarına gəlmiş lakin o, bu məsələyə tamamilə başqa metodla yanaşın. Onun instalyasiyası akril boyalarla rənglənmiş, Azərbaycan xalçalarında yer alan ənənəvi ornamentlər formasında böyük ölçülü taxta modullardan ibarətdir. Onlar asanlıqla daşına və müxtəlif yollarla birləşdirilə bilir və nəticə etibarilə yuxarıdan aydın şəkildə görünə biləcək bir kompozisiyaya malikdir (bu kompozisiya üst mərtəbədən baxa bilmək üçün muzeyin şüşə tavanlı xüsusi salonunda nümayiş olunacaq). Bu instalyasiya kənardan baxılarkən sanki tamaşaçını sirrlərini açmağa çağıran parlaq və yaraşıqlı labirint kimi görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti