...

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anılıb (FOTO)

Mədəniyyət Materials 20 Oktyabr 2017 18:29 (UTC +04:00)
Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Azərbaycan musiqisi xəzinəsi” adlı anım mərasimi keçirilib.
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Azərbaycan musiqisi xəzinəsi” adlı anım mərasimi keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, universitetin Auditoriya+ proqramı çərçivəsində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının birgə təşkil etdiyi tədbirdə görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı mühüm xidmətlərindən bəhs edilib.

Tədbir iştirakçılarını salamlayan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Tofiq Quliyev yaradıcılığının milyonlarla dinləyicinin qəlbini fəth etdiyini bildirib: “Biz ulu öndərimiz Heydər Əliyevdən gələn xəttin davamındayıq. Öz klassiklərimizə, ustadlarımıza və müəllimlərimizə verilən qiymət bu gün də Prezident İlham Əliyevin verdiyi qiymətlə üst-üstə düşür. Bu gün biz Prezident İlham Əliyevin Sərəncamına əsasən təşkil olunan tədbirdə Tofiq Quliyevi yad edirik. Mən Tofiq Quliyevlə tanış olmaq şərəfinə nail olmuşam. Tofiq Quliyev böyük ürəyi olan insan idi. O, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran çox nadir insanlardan idi.”

K.Abdullanın sözlərinə görə, Tofiq Quliyev Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda şəxsiyyəti ilə yol tapan görkəmli ziyalı olub: “Bu gün onun övladları və qohumları onun mənəvi davamçılarıdır, görkəmli rejissorumuz və sənət fədaimiz Eldar Quliyevin adını çəkmək kifayətdir. Azərbaycanla bağlı xoş ovqat və əhval-ruhiyyə oyadan bu sənətkar daim bizim qəlbimizdə olacaq. Bildirmək istərdim ki, Tofiq Quliyev kimi sənətkarlar ona görə xoşbəxt sənətkarlardır ki, Azərbaycan inkişaf etdikcə, zirvələri fəth etdikcə Tofiq Quliyev sənəti də sanki inkişaf edir, daxili dinamikasına köklənir. Bu gün də Tofiq Quliyev musiqisinə qulaq asanda riqqətə gəlirik, həm Bakı, həm Azərbaycan, dostluq və məhəbbətlə bağlı hisslərimizi onun yazdığı əsərlərlə uzlaşdırırıq”.

Daha sonra Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Eldar Quliyev Tofiq Quliyevin həyat və yaradıcılığında şahid olduğu məqamlardan bəhs edib. E.Quliyev atasının yaradıcılığı boyu ətrafdan gördüyü yüksək münasibətdən söhbət açıb: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində Heydər Əliyev Tofiq Quliyevə xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.

Tədbirdə ADU-nun İsrailşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Şahverən Babayev “Nargilə” və “Pəri” mahnılarını ifa edib, bəstəkarın mahnıları və rəqs nümunələri nümayiş etdirilib.

Sonda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının şagirdləri tədbirdə fəal iştiraklarına görə ADU rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazıb. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti