...

İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2019 16:23 (UTC +04:00)
Sakit Məmmədovun əsərləri "SOCAR Türkiyə"nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxıb.
İstanbulda Sakit Məmmədovun böyük sərgisi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın görkəmli rəssamı, İngiltərə Kraliçası II Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustası Sakit Məmmədovun əsərləri "SOCAR Türkiyə"nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxdı.

"SOCAR Türkiyə"dən Trend-ə verilən məlumata görə, opalizm üslubunun əsasını qoyan məşhur rəssamın əsərləri 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında “Tophane-i Amire Kültür ve Sanat Merkezi”ndə (Mədəniyyət və İncəsənət Mərkəzində) nümayiş olunacaq.

Azərbaycan və Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərini iqtisadiyyatdan sosial və mədəni sahələrə də daşıyan "SOCAR Türkiyə" Sakit Məmmədovun İstanbuldakı sərgisi ilə incəsənətə verdiyi dəstəyi davam etdirir. Azərbaycanın ən tanınmış rəssamlarından biri olan Sakit Məmmədovun "Opalizm" adlı sərgisini 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında İstanbulda “Tophane-i Amire Kültür ve Sanat Merkezi”nin “Beş Kubbe” zalında ziyarət etmək olar. "SOCAR Türkiyə"nin sponsorluğu və Murat Pilevnelinin koordinatorluğu ilə təşkil edilən sərgidə 160-dan çox əsər nümayiş olunur. Girişi pulsuz olan sərgidə nümayiş etdirilən tablolar, habelə özünəməxsusluğu ilə diqqət çəkən rəssamın sənətini əks etdirən kitabı da "SOCAR Türkiyə"nin dəstəyi ilə oxuculara təqdim edilir.

Türkiyənin ən böyük xarici sərmayədarı olaraq "SOCAR Türkiyə" təkcə ölkə iqtisadiyyatında deyil, həm də sosial və mədəni sahələrdə də əhəmiyyətli işlər görür. "SOCAR Türkiyə"nin Korporativ Əlaqələr müdiri Murat LeCompte belə deyir: "Bizim üçün hər iki ölkənin təkcə iqtisadiyyatına deyil, incəsənət və mədəniyyət baxımından cəmiyyətinə də töhfə vermək çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin ortaq dəyərlərini yaşatmaq və bu daimi dəyərləri daha yüksək səviyyələrə çatdırmaq üçün mühüm layihələr həyata keçiririk. Bu çərçivədə Azərbaycanın canlı əfsanəsi kimi tanınan, əsərləri ilə incəsənət dünyasına yenlik gətirən belə dəyərli rəssamı dəstəkləmək, onun əsərlərini Türkiyədə incəsənət həvəskarlarına təqdim etmək bizə sevinc bəxş edir. Məmmədovun bu sərgisində iştirak edənlər ilham verən, qeyri-adi personajların əksini tapdığı əsərlərlə fərqli dünyalara yelkən açıb sənədin ehtişamını hiss etmək fürsəti əldə edəcəklər".

"SOCAR Türkiyə"nin sponsorluğu ilə həyata keçirilən layihənin koordinatoru Murat Pilevneli isə "SOCAR Türkiyə"nin mədəniyyət və incəsənət sahəsinə verdiyi dəstəyə diqqət çəkərək, belə deyib: "Ötən illərdə bir çox sərgini dəstəkləyən və onların ev sahibi olan "SOCAR Türkiyə" ölkəmizin incəsənət həyatına verdiyi töhfəni gündən-günə artıraraq, davam etdirəcək. "SOCAR Türkiyə"nin dəstəyi ilə təşkil edilən "Opalizm" adlı bu sərgi müasir Azərbaycan rəssamlıq dünyasının ən mühüm nümayəndələrindən olan Sakit Məmmədovu Türkiyəli incəsənət həvəskarlarına tanıdır. İşıq və rəngdən həddindən artıq balanslı şəkildə istifadə edən Məmmədovun rəsm əsərlərində poeziyanın ön planda olduğunu görürük. Bu sərgidə keçmişdən bu günə qədər yaratdığı əsərləri bir araya gətirərək, sənətkarı hərtərəfli tədqiq edirik".

Azərbaycanın xalq rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyası medalı, Leonardo Da Vinci medalı, Mozart medalı, Dünya Rəssamlıq Akademiyası medalı, Avropa Şərəf Nişanı və İtaliya qızıl medalı da daxil olmaqla bir çox beynəlxalq mükafatların laureatıdır. Məşhur sənətkar “Opalizm” üslubunun yaradıcısı kimi də tanınır. Rəssamın, adını sanskritcə “qiymətli daş” mənasını verən “upala” sözündən götürən opal daşından ilhamlanaraq yaratdığı Opalizmdə, rəngin vurğulandığı bir anlayış mövcutdur. Tərkibindəki rənglər səbəbiylə “göy qurşağı” olarak da xarakterizə edilən opal daşının parıltısını kətan üzərinə köçürən Məmmədovun əsərləri ilhamverici və qeyri-adi xarakterləri bir araya gətirir. Rəssam bu günə qədər Azərbaycan və Türkiyədən başqa, Rusiya, Belarus, Avstriya, Polşa, İsveç, Ukrayna, Almaniya, Misir, Avstraliya, Fransa, İtaliya, Sinqapur və Belçika kimi bir çox ölkədə sərgi açıb. Əsərləri Moskva, Sankt-Peterburq, Bakı, Türkiyə və Vatikanın bir çox muzeylərində nümayiş olunur.

"SOCAR Türkiyə" dünyanın ən məşhur neft və təbii qaz şirkətlərindən biri olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2008-ci ildən etibarən Türkiyədə fəaliyyət göstərən törəmə şirkətidir. Özəlləşdirmə İdarəsindən Petkim-i alaraq qədəm qoyduğu Türkiyədə STAR NEZ, TANAP, Petkim Külək Enerji Stansiyası (KES), SOCAR Terminal kimi böyük layihələr həyata keçirən "SOCAR Türkiyə" Kayserigaz və Bursagaz ilə təbii qaz sahəsində iştirakını da artırır. İki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında güclənən iqtisadi əməkdaşlığın rəmzi olan "SOCAR Türkiyə"nin investisiyalarının dəyəri 15 milyard dollardan artıq olmaqla, davam edən investisiyalarla birlikdə 19,5 milyard dollara çatacaqdır.

Murat Pilevneli Marmara Universitetinin İncəsənət Fakultəsi, Rəsm Bölməsini bitirib. 2001-ci ildə təsis etdiyi və 2011-ci ilə qədər idarə etdiyi Galerist-də əməkdaşlıq etdiyi sənətkarlar arasında Haluk Akakçe, Taner Ceylan, Leyla Gediz, Erinç Seymen, Ayşe Erkmen, Hüseyin Çağlayan, Sarkis, Thomas Ruff, Michael Craig Martin, JulianOpie, Jürgen Teller olub. Galerist Türkiyədən beynəlxalq incəsənət sərgilərində iştirak edən ilk qalereya olub. 2012-ci ildə PİLEVNELİ Project-i, 2017-ci ildə Dolapdere-də PİLEVNELİGaleri-ni açan Murat Pilevneli dünya şöhrətli rəssamlarla yanaşı, beynəlxalq aləmdə tanınan Türkiyəli rəssamların sərgilərini də təşkil edir. 2018-ci ildə tarixi Likör və Konyak Fabrikinin istifadə hüquqlarını Viatrans-dan alaraq, PilevneliMecidiyeköy-ü açan Pilevneli İstanbul Art News qəzetinin də təsisçisi və imtiyaz sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti