Bakı. Trend:
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ramazan Bayramı münasibətilə Bakı şəhərində məskunlaşan 300-dən artıq aztəminatlı kəlbəcərli ailə ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirib.
Trend-in məlumatına görə, İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və tənha yaşayanlarla keçirilən görüş zamanı onlara bayram sovqatı çatdırılıb.
Qeyd olunub ki, özünün xeyriyyəçilik missiyası ilə hər zaman seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi xüsusilə əlamətdar günlərdə, milli bayramlarımızda qaçqın və məcburi köçkünləri, şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olur. Görüşlərdə aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, veteranlar dövlət başçısının bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə minnətdarlıq ediblər.
Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərlilər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək bayramlarını öz yurd-yuvalarında qarşılayacaqlar.