...

Məşhur DJ Bakıda konsert verəcək

Mədəniyyət Materials 10 Mart 2023 10:39 (UTC +04:00)
Məşhur DJ Bakıda konsert verəcək

Bakı. Trend:

Paytaxtımızda yeddinci dəfə baş tutacaq Azərbaycan Qran Prisi qısa müddətdə azarkeşlərin sevimli yarışına çevrilərək dünyanın hər yerindən minlərlə ziyarətçini özünə cəlb etmiş və hazırda müasir Formula 1 tarixində təqvimin ən dramatik yarışı olaraq xatırlanır. İstər toqquşmalarla dolu gərgin trek mübarizələri, istərsə də finişə sadəcə bir neçə dövrə qalmış yarış liderlərinin qəzaları olsun – bütün bunlar Bakı yarışını mövsümün ən gözlənilməz F1 yarışı edir.

Formula 1 Azərbaycan Qran Prisi bu il də daha bir gözlənilməzi reallaşdıraraq üç illik fasilədən sonra nəhayət ki, azarkeşlərin yarış həftəsi səbirsizliklə gözlədiyi konsert proqramını geri gətirir. 28-30 aprel tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışında elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardwell çıxış edəcək.

Karyerası boyu bir sıra mükafatlara layiq görülən dünya şöhrətli sənətçi Bakıda azarkeşlər üçün bol həyəcan və əyləncə vəd edilən F1 həftəsonunda, şənbə günü azarkeşləri salamlayacaq.

Hardwell "Spaceman", "Apollo" və "Thinking About You" daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir.

O, ilk dəfə 14 yaşında Niderland elektronik rəqs musiqisi səhnəsində çıxış etmiş və sonrakı on il ərzində dünya şöhrəti qazanmağa nail olmuşdur. 2013-cü ildə isə iki il ardıcıl olaraq DJ Magazine jurnalı tərəfindən dünyanın 1 nömrəli DJ-i seçilmişdir.

Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar nümayiş etdirmişdir. Pop musiqisinin ən məşhur sənətçiləri “Rihanna”, “Calvin Harris”, “Moby” və “U2”, “Coldplay” kimi musiqi qruplarının remikslərini ərsəyə gətirərək dünya musiqi səhnəsində iz qoymuşdur.

“Tomorrowland” və “Ultra Music Festival” daxil olmaqla, dünyanın ən böyük festival və musiqi tədbirlərində əsas sənətçi kimi çıxış etmiş, yüksək enerjili çıxışları, unudulmaz ritmləri ilə elektronik rəqs musiqisi pərəstişkarlarının rəğbətini qazanmışdır.

Bundan başqa, 2023-cü ilin əvvəlində Hardwell Hollandiyalı rəssam Maddix ilə əməkdaşlıq edərək David Guetta-nın Benni Benassinin klassik "Satisfaction" mahnısının yenidən səsləndirilməsini öz tərzinə uyğunlaşdıraraq mahnıya yeni nəfəs vermişdir.

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat katibi Turab Teymurov əyləncə proqramı ilə bağlı bildirib: “Dənizkənarı Bulvar ərazisində yerləşən böyük səhnədə təşkil olunacaq əyləncə proqramı çərçivəsində Bakıya təşrif buyuracaq dünya şöhrətli ulduzu ictimaiyyətə açıqlamaqdan məmnunluq duyuruq. Əminəm ki, pandemiyadan sonra səbirsizliklə gözlənilən konsertlərin yarışın formatına geri dönməsi azarkeşlərin ikiqat sevincinə səbəb olacaqdır. Biz də öz növbəmizdə doğma paytaxtımıza Formula 1 yarışının yeddinci dəfə gəlişini böyük coşğu ilə qeyd etmək üçün səbirsizlənirik. Növbəti möhtəşəm yarış həftəsonunda DJ Harwell-in hitləri azarkeşlərin zövqünü oxşayacaq və onlara daha bir unudulmaz Bakı xatirəsi bəxş edəcək. Biletlərin rekord həddə satıldığı bir vaxtda azarkeşləri indidən onları əldə etməyə və yarış həyəcanını bizimlə birlikdə yaşamağa çağırıram. Bizimlə gözlənilməzə hazır olun!

Qeyd edək ki, yarışa üç günlük bilet sahibləri paytaxtın bənzərsiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertə qatıla biləcəklər. Həmin azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq.

Biletlərin sürətlə satılığı dövrdə artıq Filarmoniya, Sahil və Abşeron “B” sektoru tribunalarına olan yerlərin hamısı tutulub. Bununla da qalan tribuna biletlərinin yarısından çoxu satılıb. Vaxt itirmədən unudulmaz yarış həftəsonunu qaçırmaq istəməyən F1 azarkeşləri biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya aşağıda qeyd olunan satış nöqtələrindən əldə edə bilərlər:

· 28 Mall

· Gənclik Mall

· Heydər Əliyev Sarayı

· Kiosk 1 (Azərbaycan kinoteatrı)

· Kiosk 2 (Nizami küçəsi)

· ASAN 1

· ASAN 2

· ASAN 3

· ASAN 4

· ASAN Sumqayıt”

Sürət həvəskarları əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilər.

Xatırladaq ki, Bakı bu il ilk dəfə olaraq F1 azarkeşlərinin sevimlisi olan Sprint yarışına ev sahibliyi edəcək. 2023-cü il mövsümünün ilk Sprint yarışına paytaxt Bakı ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti