Bakı. Trend:
Müasir dövrümüzün ən peşəkar və virtuoz yaradıcı kollektivi olan, hər zaman ilklərə imza atan və konsert və şou proqramları böyük anşlaqlarla keçən “Art-East Media Group”un brendi “Avanqard” kamera orkestrinin təqdimatında nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanlarının bir araya gəldiyi “Disney” multimedia şousu təqdim olunub.
“Disney” multimedia şousu özündə bir çox texniki element və bədii həlləri, eləcə də xüsusi effektləri ehtiva edən vahid bir ssenariyə bağlanan, şounun bütün elementlərini ümumi vizual məkanda təcəssüm etdirən, bütöv, ahəngdar bir ideya ətrafında qurulan konseptual səhnə əsəridir.
Bu dəfə Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində nümayiş edilən şou canlı və əsrarəngiz musiqi sədaları altında tamaşaçılar və məşhur qəhrəmanlar arasında təmas yaradaraq, seyircilərə nostalji və sehrli anlar yaşadıb. “Disney” multimedia şousu xüsusi işıqlandırma, musiqi, video kontent, xüsusi effekt, musiqiçi və sənətçilərin perfomanslarının sinxronlaşdırıldığı son illərin ən parlaq və valehedici tamaşasına çevrildi.
İki seans anşlaqla keçən şou həm uşaq və yeniyetmələrdə bədii zövqün formalaşmasına, eyni zaman onların asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşlərinin genişlənməsi və bədii-estetik zövqlərinin inkişaf etdirilməsinə yönəlib. Tamaşa zamanı peşəkar orkestrin və virtuoz rəqqas-animatorların müşayiəti ilə videoekranda canlanan bədii obrazlar və hadisələr mühüm ictimai missiya qismində tamaşaçıya sevinc, zövq, müsbət emosiyalar bəxş edərək, şounun nəinki uşaqlar, həm də onların valideynləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Şouya tamaşaçı qismində qatılan ölkəmizin tanınmış simaları, mədəniyyət və incəsənət xadimlərinin fikrincə şou öz ali məqsədlərinə peşəkarcasına nail olub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az