...

“Bakı Yay Caz Günləri”nin açılışı - xoş əhval-ruhiyyə, parlaq emosiyalar və möhtəşəm musiqi (FOTO/VİDEO)

Mədəniyyət Materials 4 İyul 2023 14:56 (UTC +04:00)
“Bakı Yay Caz Günləri”nin açılışı - xoş əhval-ruhiyyə, parlaq emosiyalar və möhtəşəm  musiqi (FOTO/VİDEO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində "Beynəlxalq Bakı Yay Caz Günləri"nin təntənəli açılışı olub.

Trend xəbər verir ki, "Beynəlxalq Bakı Yay Caz Günləri" 3-7 iyul tarixlərində keçiriləcək. "Premier LTD" agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutacaq.

Gecənin açılışında caz bilicisi, radio və teleaparıcı, əməkdar mədəniyyət işçisi Rahib Azəri “Bakı Yay Caz Günləri”nin keçirilməsinin yaxşı ənənəyə çevrildiyini qeyd edib.

"Bakı Yay Caz Günləri"nin artıq beşinci dəfə keçirildiyi vurğulandı. Tədbir çərçivəsində konsert proqramları həm zallarda, həm də açıq meydanlarda təşkil olunur. Haqlı olaraq caz şəhəri hesab edilən Bakıda bir sıra konsertlər açıq meydanlarda keçirilir ki, bu da onları daha geniş auditoriya üçün əlçatan edir. Bu, “Bakı Yay Caz Günləri”nin əsas məqsədinə, caz musiqisinin daha geniş təbliğinə xidmət edir.

"Bakı Yay Caz Günləri"nin açılışında dinləyicilərə iki konsert təqdim olunacaq. Son zamanlarda klassik musiqi ilə cazın birləşməsi tendensiyası müşahidə olunur. Əksər caz musiqiçiləri klassik musiqi təhsili almış insanlardır. Onların hamısı vurğulayır ki, cazı anlamaq, sevmək və təbliğ etmək üçün klassikadan başlamaq lazımdır. Bunu diqqətə alaraq, açılışda olduqca maraqlı konsert proqramını təqdim edirik", - Rahib Azəri deyib.

Daha sonra aparıcı səhnəyə türk musiqiçilərini, məşhur gitara ifaçısı Öndər Focan, caz ifaçısı Meltem Ege, həmçinin Şenov Ülkər (truba, flügerhorn), Bulut Gülen (trombon), Ozan Musluoğlu (kontrabas) və Serkan Alagökü (zərb alətləri) səhnəyə dəvət edib. Türk musiqiçilər Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Türk caz musiqiçiləri və Bakı Kamera Orkestrinin musiqiçilərinin birgə çıxışı ilk akkordlardan dinləyicilərdə heyrət doğurdu. Tamaşaçılar böyük maraqla türk cazını dinləyirdilər. Musiqiçilər konsertin qonaqları ilə mehriban ünsiyyət qururdular, ifaçı Meltem Ege musiqi kompozisiyalarını ifa etməzdən əvvəl əsərlərin yaranma tarixçəsindən danışır, xatirələrini bölüşürdü. Önder Focanın müəllifi olduğu bir çox kompozisiya çox xüsusi və özəl tarixçəyə malikdir.

Türk musiqiçilərinin ifa etdikləri musiqi çox gözəldir. Tamaşaçılar öz heyrətini gur alqışlarla ifadə edirdilər. Fərqli janrda çıxış edən orkestr isə klassika və cazın bir-birinə uyğun istiqamətlər olduğunu nümayiş etdirirdi.

İfaçı Meltem Ege KİV nümayəndələrinə etiraf etdi ki, Bakıda olmaq və Heydər Əliyev Mərkəzində çıxış etmək xüsusi zövqdür.

"Bakı Yay Caz Günləri"nin bir hissəsi olmaq böyük şərəfdir. Şadıq ki, Azərbaycanın paytaxtında çıxış etmək imkanı qazandıq. Konsertimiz çox gözəl keçdi, Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış etmək çox xoş oldu və böyük zövq aldıq", - o deyib.

Gitara ifaçısı Önder Focan isə bunun Bakıdakı üçüncü konserti olduğunu əlavə edib.

"Buraya yenidən qayıtmaq sevindiricidir. Azərbaycan musiqinin sevildiyi, dinlənildiyi ölkədir... Təcrübəli tamaşaçıların qarşısında çıxış etmək həyəcan vericidir, ümid edirəm bakılı izləyicilər musiqimizi bəyəndilər. "Bakı Yay Caz Günləri"nin bütün təşkilatçılarına tədbirin keçirilməsinə görə böyük minnətdarlığımı bildirirəm", - Önder Focan deyib.

Proqramın ikinci hissəsində məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı, Azərbaycanın əməkdar artisti Elçin Şirinov israilli həmkarları Amir Bresler (zərb alətləri), Oren Hardi (kontrabas) və Gilad Hekselman (gitara) ilə birgə çıxış etdi.

Qeyd edək ki, Elçin Şirinov dörd il İsrailin məşhur "Avişay Koen Triosu"nda iştirak edərək dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib.

Musiqiçilərin ifasına heç kim laqeyd qala bilmədi. Dinləyicilər fövqəladə musiqidən və musiqiçilərin virtuaz sənətkarlığından həzz aldılar. Tamaşaçılar təkc musiqiçiləri dinləməkdən deyil, həm də onların oyunu, mimikası, hərəkətlərini müşahidə etməkdən böyük zövq aldılar. Elçin Şirinovun rəhbərlik etdiyi musiqiçilər konsertin qonaqlarına əla əhval-ruhiyyə, parlaq emosiyalar və möhtəşəm caz musiqisi bəxş etdilər.

Elçin Şirinovun sözlərinə görə, o və israilli həmkarları Heydər Əliyev Mərkəzində çıxış etməkdən böyük zövq aldılar.

"Bu, sayca beşinci "Bakı Yay Caz Günləri"dir və şübhəsiz, mən burada iştirak etməkdən məmnunam. Bu tədbirin keçirilməsi gənc musiqiçilərin inkişafına səbəb olur. Biz proqramda Azərbaycan kompozisiyalarını, mənim müəllif əsərlərimi ifa etdik. Ümid edirəm, tamaşaçıların hər şey xoşuna gəldi", - deyə E.Şirinov qeyd edib.

"Bakı Yay Caz Günləri"nin açılış proqramı gözəl başlanğıcdır, irəliləyən günlərdə isə tədbir caz pərəstişkarlarını musiqiçilərin maraqlı, parlaq çıxışları ilə sevindirəcək.

Caz həvəskarları üçün əsl hədiyyə Bakıda məşhur caz pianoçusu, janrın korifeyi Kuinsi Consun komandasından "Gremmi" mükafatının nominantı Alfredo Rodrigesin dünya turnesi çərçivəsində trio ilə çıxışı olacaq. Onların çıxışı festivalın ikinci günü - iyulun 4-də baş tutacaq. Konsert Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək.

Caz günlərində Gürcüstanı Bakıda pianoçu, aranjimançı, Berkli musiqi kollecinin professoru Georgi Mikadze təmsil edəcək. O iyulun 5-dən fransalı musiqiçilər Fransua Muten və Rafael Pannye ilə birlikdə Heydər Əliyev Mərkəzinin parkında məşhur gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.

Bayramın yekun akkordu iyulun 7-də Oleq Lundstrem adına caz orkestrinin çıxışı olacaq. Bakıda ilk dəfə 2019-cu ildə çıxış edərək o vaxtdan dinləyicilərimizin rəğbətini qazanmış kollektiv bu dəfə də onları öz yaradıcılığı ilə sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.

Park zonasında konsertlərə giriş sərbəstdir.

İzləyici zalında konsertlərə giriş biletlərini şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti