Bakı. Trend:
İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış
mərasimi olacaq. Avqustun 2-nədək davam edəcək festival Heydər
Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə keçirilir.
Trend-in məlumatına görə,
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan
budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı,
Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya
şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri
iştirak edəcək.
Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli və Murad
Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı
konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub
Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin müşayiəti ilə solistlər - xalq artistləri Dinarə
Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov
(tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova
(mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də
musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə
ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil
olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte”
klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera
Orkestri, xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz
İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə
Axundova, əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə
Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş
Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov,
Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz
Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə
Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları,
Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski
(Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş
Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi,
tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey
Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də
festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd
ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc
ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın
(violonçel) ustad dərsləri də olacaq.