Bakı.Trend:
Mədəni əlaqələrin genişləndirilməsi yönündə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi prioritet məsələlərdəndir.
Trend xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev deyib.
O bildirib ki, 2022-ci ildə Türk Dövlətlər Təşkilatının Özbəkistanda keçirilən 9-cu Zirvə görüşündə qəbul edilən Səmərqənd bəyannəməsində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması təşəbbüsü bu gün reallığa çevrilib.
"Bu təşəbbüsə qoşulan bütün Dövlətləri təbrik edirəm. Mədəni irsin qorunması, araşdırlması eləcə də bərpası istiqamətində beynəlxalq əməkdaşlıq, UNESCO konvensiyaları vasitəsilə həyata keçirilir.
Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması Türkdilli ölkələrin UNESCO-nun Ümumdünya İrs siyahısına yer alan müvafiq İrs abidələrin mütəxəssislərinin daha sıx əməkdaşlığına, təcrübə mübadiləsinə geniş şərait yaradacaq. Bu şəbəkə gələcəkdə bizə bu sahədə yeniliklərə imkan verəcəklər. Mən şadam ki qonaqlar konfrans çərçivəsində həm İçərişəhər mədəni irsini, həm də Şəki mədəni irsi ilə tanış olacaqlar. Qonaqların eləcə də Şuşa şəhərinə səfəri gözlənilir".
S.Fətəliyev onu da əlavə edib ki, ölkə başçısının sərəncamına əsasən Şuşa mədəniyyət şəhəri elan edilib:
"Bu şəhərin zəngin mədəni irsi var. Azərbaycanın Ümumdünya İrs siyahısında 5 mədəni irs nümunəsi yer almaqdadır. Bu siyahıya ilk qəbul edilən İçərişəhər, Qız Qalası və Şirvanşahlar sarayıdır. Sevindirici haldır ki, bir neçə həftə öncə Ər-Riyad şəhərində UNESCO-nun Ümumdünya irs Komitəsinin 45-ci iclası keçirilib. Burada Azərbaycanda ilk təbii abidəsi Hirkan meşələri və mədəni irs nümunəmiz Xınalıq iki nominasiya ilə UNESCO-NUN siyahısına əlavə edilib. Hesab edirəm ki Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması gələcəkdə bu sahədə yeni tədbirlərin icrasına kömək edəcək", - deyə o, qeyd edib.