Şuşa. Trend:
Şuşa şəhəri 2024-cü il İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı elan olunub. Ayın 1-dən 6-dək bir sıra silsilə tədbirlər keçirilir və Şuşa Gənclər Paytaxtının eləcə də bağlanış mərasimi Şuşa şəhərində təşkil olunacaq.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsəl İnkişaf Şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova deyib.
"Bu tədbirlər arasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarıdıcılıq marafonu tədbirini xüsusilə qeyd etmək istəyirəm. Yaradıcılıq marafonu tədbiri İslam Əməkdaşlıq Ölkələrindən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən bir platformadır. Bu tədbir müxtəlif yaradıcılıq sahələrindən olan gənclərə imkan yaradır ki, onlar innovativ və kreativ məhsul yaratsınlar", - deyə o bildirib.
Onun sözlərinə görə, tədbirdə dörd yaradıcı klaster üzrə gənclər komandalara bölünərək fərqli məhsullar yaradacaqlar:
"Bu animasiya, film, dizayn və moda sahələridir. Gənclərin öz istəyinə uyğun olaraq onlar sahələri seçiblər və bu gündən artıq yaradıcılıq marafonu start götürüb.
24 saat ərzində davam edəcək və ayın 3-də onların münsiflər heyyəti qarşısında təqdimatları olacaq. Bu təqdimatların əsasında da İslam Əməkdaşlıq Təşkilatı gəncləri arasında keçirilən yaradıcı marafonda fərqlənən komandalar müəyyən olunacaq və onların yaratdığı məhsullar təqdim olunacaq".