...

Azay Quliyevin Qarabağ veteranları, əlilləri və şəhid ailələri ilə görüşündə izdiham (FOTO)

Seçki 2015 Materials 16 Oktyabr 2015 20:57 (UTC +04:00)
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.
Azay Quliyevin Qarabağ veteranları, əlilləri və şəhid ailələri ilə görüşündə izdiham (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.

Şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra görüşü açan namizədin vəkili, Qarabağ qazisi Firudin Məmmədov əlverişsiz hava şəraitində mütəşəkkil qaydada A.Quliyevlə görüşə gəldikləri üçün iştirakçılara təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd A.Quliyev Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: "Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız. Dövlətimiz tərəfindən sizin sosial rifahınızın yaxşılaşması və ehtiyaclarınızın qarşılanması üçün indiyə kimi böyük işlər görülüb. Əmin olun ki, dövlətimiz bundan sonra da sizin yanınızda olacaq".

A.Quliyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: "Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Gəlirlərimizin azalmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız".

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev A.Quliyevə bu təbəqədən olan insanları xüsusi diqqətdə saxladığı üçün təşəkkür etdi. O bildirib ki, Binəqədidə yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirirlər. Bu görüşdəki izdiham da deyilənləri təsdiq edir.

Şəhid anası Kamilə Rəhmanlı şəhid ailələri adından danışıb və A.Quliyevə seçkidə uğurlar arzulayaraq xeyir-dua verib.

Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edənlər 1 noyabrda hamılıqla seçkilərə gələcəklərini və əminliklə A.Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd A.Quliyev 17 oktyabrda saat 18:00-da Binəqədi rayonu, A.Kunanbayev küç, 64/11 ünvanında seçicilərlə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti