Bakı. Samir Əli - Trend:
Tovuz rayonunda ticarət mərkəzində yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisədən sonra Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Nərgiz Əmiraslanova bir neçə gün öncə Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilsə də, müalicələr müsbət nəticə verməyib.
Yanvarın 23-də qadının vəziyyəti daha da pisləşib. Yaxınlarının razılığı ilə qadın mərkəzdən çıxarılıb. O, Tovuz rayonuna aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, hadisə yanvarın 18-də rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb və bədəninin 65 faizdən artıq hissəsi yanıb.