Bakı. Samir Əli - Trend:
Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində "Gilavar" sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
A.Maqsudovun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər".
Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.