Bakı. İlhamə İsabalayeva - Trend:
Xəzər dənizini çirkləndirənlərə qarşı sərt tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov mətbuat konfransında deyib.
F.Mütəllimov bildirib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.
Bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub. Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalanlandığı məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12 500 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb".
Faiq Mütəllimovun sözlərinə görə, belə mənfi faktlara baxmayaraq işlərini düzgün təşkil edən, ekoloji normalara riayət edən istirahət mərkəzləri də var: "Bunlara misal olaraq, Nabranda “Palma”, Azərbaycan Dəmir Yolları QSC-nin və Təhsil Nazirliyinin istirahət mərkəzləri, Sumqayır zonasında “Amor”, “Flaqman” və “Ləman” istirahət mərkəzlərini qeyd etmək olar".
Qurum rəsmisi məlumat verib ki, son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq “Meduza”, “Su pərisi”, “Panorama” və “Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür: "Bu reydlər mütəmadi xarakter daşıyacaq və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".
F.Mütəllimov əlavə edib ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir:
"Bu təkcə bir qurumun işi və vəzifəsi deyildir, burada bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidir. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdır və qanun pozuntusu ilə bağlı məlumatların ötürülməsində bizə köməklik göstərməlidirlər. Bunun üçün, Nazirliyin 168 nömrəli “Qaynar xətt” xidməti 24 saat ərzində fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəzi hallarda cərimələr də insanları bu əməllərini törətməkdən çəkindirmir. Bununla bağlı Nazirliyin sərt mövqeyi mövcuddur və bu mövqeyimiz bir neçə dəfə onlara çatdırılıb və ciddi xəbərdarlıqlar edilib. Onların qarşısında öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulub. Bu tələbələri pozanlara qarşı barışmaz mübarizə aparılacaq və çox sərt tədbirlər görüləcək".