Bakı. Samir Əli - Trend:
Sabunçu Rayon Məhkəməsində hakim və prokurora hücum edən qadın barəsində cinayət işi açılıb.
Trend-in məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən T.Səfərova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Xatırladaq ki, fevralın 21-də Sabunçu rayon Məhkəməsində oğurluqda təqsirləndirilən O.Səfərovun işi üzrə məhkəmə prosesi keçirilən vaxt təqsirləndirilən şəxsin anası T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.
O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.